İTV məşhur studiya ilə əməkdaşlıq edəcək

İTV məşhur studiya ilə əməkdaşlıq edəcək
  29 Noyabr 2018    Oxunub:3104
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını davam etdirir .
Teleradionun İctimaiyyətlə Əlaqələr Departamentindən Azvision.az-a verilən xəbərə görə, qurum Rusiyanın məşhur “ANIMAKKORD” studiyası ilə əməkdaşlıq müqaviləsi imzalayb. İTRYŞ və “ANIMAKKORD” arasında imzalanan müqaviləyə əsasən uşaqların sevimli qəhrəmanları “Maşa və Ayı” (Маша и Медведь) - animasiya serialı artıq İctimai Televiziyada Azərbaycan dilində yayımlanacaq. Gələn ildən etibarən həftəiçi hər səhər balacaların görüşünə gələcək sevimli cizgi filminin Azərbaycan dilində dublyajı televiziyanın “Kino və Dublyaj Departamenti”ndə reallaşdırılır. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bu addımın atılmasında əsas səbəb Azərbaycanda xarici telelayihələrin lisenziyalı yayımını inkişaf etdirməkdir.



2009-cu ildən etibarən yayımlanan “Maşa və Ayı” (Маша и Медведь) üçölçülü qrafikanın köməyi ilə yaradılıb və bütün auditoriya üçün nəzərdə tutulub. Hər bölümü 6-7 dəqiqə davam edən animasiya filminin yaradıcıları bu zaman kəsiyinin uşaqların cizgi filminə baxmağı üçün ən ideal müddət olduğunu düşünürlər. “Youtube” portalında ümumi auditoriyası 20 milyarddan çox baxış sayına malik sözügedən animasiya serialının müxtəlif epizodlarının gün ərzində 3 milyona qədər izləyicisi olur. Təkcə “Maşa və sıyıq” epizodu 2 milyarddan çox baxış ilə onluq reytinqinə düşən animasiya videosu kimi qeydə alınıb. İTV, geniş auditoriyaya sahib, bütün beynəlxalq səviyyəli layihələrin lisenziyalı versiyalarının Azərbaycanda yayımını həyata keçirməkdə davam edəcəkdir.

Azvision.az


Teqlər: İTV  





Xəbər lenti