Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsinin səbəbi açıqlanıb

Azərbaycanın Cənubi Sudana sülhməramlı göndərməsinin səbəbi açıqlanıb
  30 Noyabr 2018    Oxunub:2827
“Azərbaycan BMT-nin sülhməramlı missiyasına qoşulub. Burada məqsəd Azərbaycan dövlətinin, Prezidentinin sülhsevər siyasətini ortaya qoymaqdır. İstəyirik ki, dünyanın bütün ölkələrində sülh, sabitlik və əmin-amanlıq olsun”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Vitse-spiker qeyd edib ki, bu məsələdə Azərbaycan dövləti də, Prezidenti də maraqlıdır: “Bu, eyni zamanda o deməkdir ki, Azərbaycan BMT-nin Nizamnaməsində təsdiq edilmiş məqsəd və vəzifələrə sadiq olduğunu bir daha təsdiq edir. Azərbaycan dövləti burada öz sülhsevərliyini göstərir. İstərdik ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətli və ciddi yanaşsın”.

Qeyd edək ki, parlament Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin "qərargah zabit" və "hərbi müşahidəçi" qismində BMT-nin komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verib.

Hərbi qulluqçularımızın 2019-cu ilin yanvar ayında Cənubi Sudanın paytaxtı Cuba şəhərinə ezam olunması nəzərdə tutulub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Ziyafət-Əsgərov  





Xəbər lenti