Nazirlik plastik torbalara qarşı mübarizə aparır

Nazirlik plastik torbalara qarşı mübarizə aparır
  30 Noyabr 2018    Oxunub:1898
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində məqsədyönlü tədbirlərin görülməsinə başlanılıb".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev deyib.

O qeyd edib ki, ölkəmizdə geniş istifadə olunan plastik torbaların ödənişli satışına keçid üçün hazırlıq işlərinə başlanılıb. "Bununla bağlı müvafiq istehsalçılarla görüş keçirilib və onlar tərəfindən təqdim olunan təkliflərə baxılacaq. Problemin aktuallığını nəzərə alaraq plastik qablaşdırma tullantılarının idarə olunmasının yaxşılaşdırılması və bu tullantıların toplanması işlərinin düzgün təşkili və təbliği məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan maarifləndirmə tədbirləri hazırda davam edir. Bu tullantıların digər tullantılardan ayrıca toplanması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə ölkə üzrə xüsusi konteynerlərin yerləşdirilməsi işlərinə başlanılıb".

M.Nəbiyev qeyd edib ki, plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 130-dan çox konteyner yerləşdirilib: "Sevindirici haldır ki, artıq yerli İcra Hakimiyyəti orqanları, Mənzil kommunal təsərrüfatı birliyi idarələri, bələdiyyələr, yerli sahibkarlar, iri sənaye müəssisələri də bu təşəbbüsə dəstək verməyə başlayıblar. Təşəbbüsün ilkin mərhələsində məqsədimiz tərəfimizdən başlanılan bu işin digər aidiyyəti qurumlar tərəfindən davam etdirilməsi olub".

Nazirlin 3 saylı ekologiya regional idarəsinin rəisi Kənan Kərim isə deyib ki, Aran regionunda 7 rayonda plastik tullantıların istifadədən sonra ətraf mühitə atılmaması üçün 43 ədəd konteyner yerləşdirilib.

Onun sözlərinə görə, Salyan rayonunda 2 ədəd, Sabirabad rayonunda 4 ədəd, Saatlı rayonunda 3 ədəd, İmişli rayonunda 2 ədəd icra hakimiyyətləri tərəfindən, 2 ədəd sahibkarlar tərəfindən, Şirvan şəhərində 9 ədəd, Hacıqabul rayonunda 4 ədəd, Neftçala rayonunda 13 ədəd konteyner yerləşdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu təcrübəyə digər icra hakimiyyətlərinin daha fəal qoşulması üçün təkliflər səsləndirilib.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti