Vəkillər Kollegiyasının ilk səyyar iclası keçirilib

Vəkillər Kollegiyasının ilk səyyar iclası keçirilib
  01 Dekabr 2018    Oxunub:1777
Noyabrın 30-da ilk dəfə olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin səyyar iclası keçirilib.
Vəkillər Kollegiyasından Azvision.az-a verilən məlumata görə, yaxın günlərdə təmiri başa çatmış və yeni istifadəyə verilmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunda keçirilən iclası açan kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2018-ci il 22 fevral tarixli Sərəncamının əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb. Hazırda Vəkillər Kollegiyasının regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə “ASAN xidmət” mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırkı vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.

İclasda Vəkillər Kollegiyası Rəyasət Heyətinin aparatı yanında mübahisələrin alternativ həlli üzrə komitənin yaradılması məsələsinə baxılıb, qeyd edilən məsələ ilə bağlı müsbət qərar qəbul edilib, təşkil olunacaq Komitəyə Vəkillər Kollegiyasının üzvü Ruslan Mirzəyevin rəhbərlik etməsi qərara alınıb.

Bundan başqa, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Fem Partners”, “Kredo”, “Verdikt” vəkil büroları, Bakı şəhəri 24 saylı vəkil bürosu, o cümlədən İmişli rayon vəkil bürosunun təsis olunması barədə məsələlərə baxılıb və bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar qəbul olunub.

Eyni zamanda, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması, habelə növbəti ildən tətbiq olunması gözlənilən order markasının vahidinin qiymətinin 10 manat müəyyən edilməsi haqqında qərarlar qəbul edilib.

Azvision.az


Teqlər:





Xəbər lenti