Tbilisidə xüsusi əməliyyat keçirilib - Yenilənib

 Tbilisidə xüsusi əməliyyat keçirilib -  Yenilənib
  03 Dekabr 2018    Oxunub:9184
Tbilisidə keçirilmiş xüsusi əməliyyat zamanı saxlanılan şəxslərin Gürcüstandakı siyasi proseslərlə əlaqələrinin olub-olmadığı araşdırılır.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumatda deyilir: “Dekabrın 2-də Tbilisidəki iki oteldə keçirilmiş xüsusi əməliyyat nəticəsində 6-sı Ukrayna vətəndaşı olmaqla 7 nəfər saxlanılıb. Onlardan tapança və əldə düzəldilmiş digər odlu silahlar götürülüb. İstintaqla onların Gürcüstana noyabrın 27-də gəldikləri məlum olub. Gürcüstan DİN və Dövlət Təhlükəsizlik Xidməti hazırda onların ölkədə baş verən siyasi proseslərlə (prezident seçkiləri və müxalifətin mitinqləri) əlaqəli olub - olmadıqlarını araşdırır”.

Mətbuatın yazdığına görə, saxlanılanlardan biri gürcü hərbçisi, Ukraynadakı “Donbas” taborunun könüllü döyüşçüsü Luka Çxetiyadır. Onun atası Serqo Çxetiya bildirib ki, oğlu Tbilisiyə müxalifətin kütləvi aksiyasında iştirak etmək üçün gəlib.

Gürcüstanın güc strukturları bu faktı araşdırır.

Qeyd edək ki, Gürcüstan DİN əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Onların barəsində qanunsuz silah saxlama, partlayıcı hazırlama və s maddələr üzrə cinayət işi açılıb.

***
Gürcüstan Daxili İşlər Nazirliyi dekabrın 2-də paytaxt Tbilisinin Vake-Saburtalo rayonunun Liaxuri küçəsindəki oteldə xüsusi əməliyyat keçirib.

Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, xüsusi əməliyyat nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən 7 nəfər Ukrayna vətəndaşı saxlanılıb.

Hazırda “bir qrup şəxs tərəfindən odlu silah, partlayıcı maddə, sursat, partlayıcı maddələrin hazırlanması üçün xammal və digər təhlükəli vasitələrin saxlanılması, daşınması və satışı” maddəsi ilə araşdırma aparılır.

Saxlanılan şəxslərdən birinin Ukraynanın “Donbas” taborunda döyüşmüş keçmiş gürcü hərbçisi Luka Çxetiya olduğu bildirilir.

Azvision.az


Teqlər:





Xəbər lenti