Ermənistan laçınlı köçkünlərin təzminatını ödəmir

Ermənistan laçınlı köçkünlərin təzminatını ödəmir
  03 Dekabr 2018    Oxunub:3129
Ötən ilin dekabrında Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzə qərar çıxarıb. Qərara əsasən, Ermənistan hökuməti vurduğu maddi və mənəvi ziyan qarşılığında 6 şikayətçinin hər birinə 5 min avro və ümumi xərclər üçün 28 642 funt-sterlinq ödəniş etməlidir.
Avropa İnsan Haqları Məhkəməsi tərəfindən təzminatın ödənilməsi ilə bağlı Ermənistana verilən vaxt bitsə də, kompensasiya onların hesabına yatırılmayıb.

Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev Azvision.az-a açıqlamasında bildirib ki, Ermənistan tərəfi kompensasiyanı ödəmək istəmir.

"Vəkillərimiz Avropa Nazirlər Komitəsinə məktub yazıb. Bizə bildirilib ki, kompensasiyanın ödənilməməsi mümkün deyil".

F.Paşayevin sözlərinə görə, vaxt uzandıqca təyin olunmuş məbləğin üzərinə faiz gəlir: "Lakin vəsaitin nə zaman veriləcəyi bəlli deyil".

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropaİnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Çıraqovlar   Ermənistan  





Xəbər lenti