44 ailə üçün milyonluq layihə - FOTOLAR

  03 Dekabr 2018    Oxunub : 1507
44 ailə üçün milyonluq layihə - FOTOLAR
Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Balakən “ABAD” regional mərkəzi vasitəsi ilə həyata keçirilən Şəki-Zaqatala iqtisadi rayonunda kiçik ailə təsərrüfatlarının inkişafına dəstək layihəsi çərçivəsində seçilmiş ailələrlə görüş keçirilib.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri cənab Ülvi Mehdiyev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Balakən icra hakimiyyətinin başçısı İslam Rzayev “ABAD” publik hüquq şəxsin direktoru cənab Rüfət Elçiyev, layihədə təmsil olun 44 ailənin nümayəndələri və media nümayəndələri iştirak ediblər.



Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müvafiq layihənin Balakən rayonunun əhatə dairəsinə daxil olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, 6 inzibati rayonu əhatə edən bu layihə region sakinlərinin məşğulluq və inkişaf potensialının artırılmasında mühüm rol oynayır.



Layihənin maliyyə dəstəkçisi olan Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, Aİ sənətlarlıq sahəsində mövcud olan adət-ənənələrin Azərbaycanın hər bir rayonda qorunub saxlanılmasını çox vacib hesab edir: “Keçirilən təlimdə iştirak edən qadınları görməkdən çox məmnun oldum. Çünki onların müəyyən ideyaları, bacarıqları var və onları realizə etmək istəyirlər. Azərbaycan və Avropa İttifaqı yeni tərəfdaşlıq üzərində çalışır. İstəyirik ki, Azərbaycanın bütün əhalisi bu əməkdaşlığın faydasını hiss etsin”.



Layihənin icraçı tərəfdaşı BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam İshaqzai vurğulayıb ki, bu çox gözəl tərəfdaşlığın nümunəsidir və BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və ABAD arasında təşəkkül tapıb: “Bu layihə Azərbaycanın kənd yerlərində iş yerlərinin açılması, sahibkarlığın inkişaf etdirilməsi, o cümlədən kiçik ailə biznesləri ilə istehlakçılar arasında əlaqələrin yaradılmasında çox böyük töhfə olacaq. Layihənin 1 ili ərzində biz müəyyən nəticələr əldə etmişik”.



Q.İshaqzai qeyd edib ki, seçilən 44 ailə arasında məcburi köçkün ailələri də var: “Layihənin məqsədləri çoxdur. Bunlardan ilki cəmiyyətin aztəminatlı təbəqələrinə yardım etməkdir. Digəri isə qadınların səlahiyyətləndirilməsidir. Qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması, bu sahədə gender bərabərliyinin təmin olunması olduqca vacibdir. Biz bu layihə ilə göstəririk ki, qadınlar da uğurlu biznes fəaliyyəti ilə məşğul olan şəxslər ola bilər, rəhbər vəzifələrini həyata keçirə bilər”.



Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında qeyd edib ki, ABAD-ın əsas məqsədi ailələrin öz bacarıqlarını, qabiliyyətlərini realizə etmə imkanını yaratmaqdır: “ABAD-a qoşulan ailəyə istehsal prosesi üçün müxtəlif avadanlıqlar verilir, onlara təlimlər, treninqlər keçirilir. Bu ailələrin istehsal etdiyi məhsullar qablaşdırlır, brendləşdirilir, logistikası, satışı təşkil olunur. Əldə olunan gəlir isə ABAD-çının bank hesabına köçürülür. Burada əsas məqsəd odur ki, ailə sırf istehsalla məşğul olsun və bütün digər qayğıları ABAD tərəfindən ödənilsin. Bu gün 300-dən artıq ABAD-çı fəaliyyət göstərir”.



Ü.Mehdiyev əlavə edib ki, BMT-nin İnkişaf Proqramı, Avropa İttifaqı və ABAD-ın həyata keçirdiyi layihə çərçivəsində 44 ailəyə müxtəlif təlimlər, treninqlər keçiriləcək, onlara istehsal avadanlıqları veriləcək: “Əvvəlcə layihəyə 30 ailənin cəlb olunması nəzərdə tutulmuşdu. Lakin müraciətlərin çoxluğu nəzərə alınaraq onların sayı 44-ə çatdırıldı. Bu çərçivədə Şəki-Zaqatala iqtisadi rayonundan 23-i qadın, 21-i kişi olmaqla, ümumilikdə 44 ailə seçilmişdir ki, bunların da 12-si məcburi köçkün ailəsidir. Bu isə layihənin uğurundan xəbər verir. Hazırda layihəyə qoşulmaq istəyən ailələr var. Növbəti mərhələlərdə onlar da bu layihəyə qoşulacaq. 3 illik layihə Şəki-Zaqatala iqtisadi rayonunda yaşayan ailələri əhatə edəcək”.



Tədbirin rəsmi hissəsindən sonra layihənin təqdimatını olub və iştirakçı ailələlərə təlim keçirilib. Daha sonra “ABAD”çılar və onlar üçün yaradılmış şəraitlə yerində tanışlıq olub.



Nümayəndə heyəti ilk olaraq Balakən rayonun Talalar kəndinə yollanıblar. Məryəm Hacıyeva və onun ailəsi ilə görüşdə bəlli olub ki, bu ailə yüksək keyfiyyətli əl ilə hazırlanan süd məhsullarını istehsal edir və öz kəsmiyi ilə məşhurdur. Ailə bildirib ki, üç inəkləri var və istehsalı artırmaq üçün qonşulardan əlavə süd almağa hazırdırlar. Burada onlara bildirilib ki, peşəkar və dayanıqlı süd məhsulları şirkətinin qurulması üçün layihə çərçivəsində avadanlıq və digər xidmətlər təchiz olunacaqlar.



Daha sonra nümayəndə heyəti Zaqatala rayonunun Yeni Massiv məntəqəsində yaşayan Azər Salmanov və onun ailəsi ilə görüşüb. A.Salmanov bildirib ki, tibbi təhsillidir. Bununla yanaşı o, ekoloji təmiz dondurma istehsalı üçün ailə biznesini qurmaq istəyir. O, bildirib ki, rayonda bu istehsal mövcud deyil. A.Salmanov əlavə edib ki, dondurma sexinin tikintisi üçün artıq sərmayə yatırıb. İstehsalı genişləndirdikdən sonra öz ailə üzvlərindən başqa, altıya qədər işçisi işə dəvət etmək fikrindədir. Peşəkar və dayanıqlı dondurma istehsalı şirkətinin qurulması üçün layihə çərçivəsində Salmanovun ailəsi artıq avadanlıq və digər xidmətlərlə təmin olunub.



Nümayəndə heyətinin növbəti dayanacağı Qax rayonunun Əmircan kəndində yaşayan məcburi köçkün ailəsi olub. Xanım Ağalarova və onun ailəsi Laçın rayonundan olan məcburi köçkünlərdir. O, 15 ildir ki, xalça və palaz toxuyur. Layihə çərçivəsində ona avadanlıq, iplik, alətlər veriləcək. Daha keyfiyyətli məhsul istehsal etmək üçün təlimlər keçiriləcək. Hətta onun kiçik xalça suvenirləri “ABAD” mağazalarında satılacaq.



Nümayəndə heyətinin sonuncu dayanacağı ŞəkiABAD” Keramika və Tətbiqi İncəsənət Mərkəzi olub. Burada məlumat verilib ki mərkəzin məqsədi ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi, həmçinin müxtəlif çeşidli Azərbaycan gilinin dünyada tanıdılmasıdır. Həmçinin evlərində belə peşəkar şəraiti yarada bilməyən vətəndaşlar mərkəzin bütün xidmətlərindən istifadə edə bilərlər, eyni zamanda digər bölgələrdən qoşulan şəxslər üçün mərkəzin nəznindəki “Qonaq zonası”nda kurs zamanı ödənişsiz gecələmək üçün şərait yaradılıb.



Səfər təəssüratlarını jurnalistlərlə bölüşən Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildiriblər ki, bu səfər onlarda çox xoş təəssüratlar yaradıb. Onların sözlərinə görə, “ABAD” mərkəzi turistlər üçün cəlbedici olmaqla yanaşı isthsalçılar və istehlakçılar arasında əlaqələrin yaradılmasında xüsusi rol oynayır. Qeyd ediblər ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı da bu işlərə dəstək verir.



Qeyd edək ki, layihə Avropa İttifaqı, “ABAD” və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən maliyyələşir. Ümumi büdcəsi 1,074,000 ABŞ dolları təşkil edir. Burada Avropa İttifaqının payına 967,000 ABŞ dolları düşür, BMT-nin İnkişaf Proqramı 57,000 ABŞ dolları məbləğində yardım göstərir.Azərbaycan hökumətinin ayırdığı məbləğ isə 50,000 ABŞ dollarıdır. Layihənin məqsədi Balakən, Qax, Qəbələ, Oğuz, ŞəkiZaqatalada yerli biznes təsərrüfatları və sahibkarlığı, inkluziv inkişafı və texnoloji innovasiyanı təşviq etməkdən ibarətdir. Şəki-Zaqatala regionunda 44 seçilmiş ailədən 23-ü qadınların rəhbərlik etdiyi ailə biznesləridir və eyni zamanda, onlardan 12-si iyirmi beş ildən çox müddət əvvəl müharibə nəticəsində öz yurd-yuvalarını itirmiş məcburi köçkünlər arasından seçilib. Hazırda, seçilmiş kiçik ailə bizneslərinə geniş şəkildə imkanlar yaradılıb, onlar maliyyə məsələləri, biznesin inkişafı, beynəlxalq ticarət, kiçik və orta müəssisələrdə gender bərabərliyi, korporativ sosial məsuliyyət, logistika və qablaşdırma və bir çox digər sahələr üzrə təlimlərdən keçmişlər. Hazırda, 22 ailə artıq əsas təchizat və avadanlıq dəstəyini alıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: