Bakıda “Bakutel 2018” sərgisi keçirilir - FOTOLAR

  04 Dekabr 2018    Oxunub : 1555
 Bakıda “Bakutel 2018” sərgisi keçirilir - FOTOLAR
Bakıda “Bakutel 2018” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçirilir.
Azvision.az xəbər verir ki, “Bakutel” sərgisi sürətlə inkişaf edən texniki nailiyyətlərə həsr olunmuş yalnız bir sərgi deyil, burada müxtəlif İKT sahələrini təmsil edən mütəxəssis və peşəkarları toplanaraq, iqtisadi və sosial rifahı təmin etməkdə mühüm rol oynayan bütün fəaliyyət sahələri üçün geniş imkanlar və son inkişafları təklif edən və əhalinin həyat səviyyəsinin artırılması üçün unikal bir platformadır.



“Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir. Sərginin baş sponsoru qismində müntəzəm iştirakçısı olan Azercell Telecom çıxış edir.



Bu il sərgi dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar. “Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendlərini nümayiş etdirəcək.



Sərgi bu il bir real innovasiya festivalı təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Hər il iştirakçıların siyahısı yeni şirkətlərlə öz ekspozisiyasını genişləndirir. Bu il debütantlar arasında Silk Way Biznes Aviasiya, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), ”Sistematiks” (Rusiya), “Suntech” (Polşa) və digərləri yer alır.



Sərgidə ilk dəfə olaraq Silk Way Biznes Aviasiya öz stendində təyyarə üçün yeni bir laboratoriya təqdim edəcək: ATR 42-500. Bu gəmi üçün yenilik Sokkia GRX1 cihazında gerçək zamanlı kinematik metodundan (RTK) istifadə edilən geodeziya çəkilişidir.

Sərgidə turizm, ekologiya, qonaqpərvərlik, mühasibatlıq və s. kimi müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni ideyalarını təqdim edəcən 100-ə yaxın azərbaycanlı startapçılar təqdim olunacaqlar. İnkişafın təsirli bir hissəsi virtual və genişlənmiş reallıq texnologiyalarının tətbiqinə əsaslanır.



Sərginin yeni istiqaməti kimi kiçik və orta müəssisələrin, özəl texnologiya ixtiraçılarının biznesinin inkişafına və əyləncədən tutmuş neft sahəsi üzrə olan bütün məsələlərinin həllinə yönlənərək, onları özünə cəlb etməkdir.Bu istiqamət Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə reallaşdırılır.



Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Bakutel Tech Talks adlı yeni formatda açıq müzakirələr təşkil olunacaq. Mövzular çox maraqlıdır: biz bilirik ki dünyanın nəhəng İT şirkətlərində də bizim həmvətənlərimiz çalışır, sessiyaların biri məhz Google, LG, Facebook, CERN kimi iri şirkətlərdə çalışan bizim həmvətənlərimiz öz uğur heykayələrini və ən son trendlərlə bizimlə bölüşəcəklər. Sessiyanın adı da ele mövzuya uyğun olaraq “Bizimkilər” adlanır. Bundan əlavə təhsil, turizm, nəqliyyat, tele-radio kimi sahələrdə bu gün tələb olunan İT həllər mövzusunda danışıqlar və diskussiyalar aparılacaq. Həmçinin “Bakutel” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər də təşkil olunacaqdır. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir. İlk dəfə olaraq “Bakutel” sərgisində alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “Robokiper” təqdim olunacaq. “Robokiper” - dünyanın ən sürətli qapıçısı hesab edilir.



“Bakutel 2018” sərgisinin zirayətçiləri və qonaqları “Robokiper”-ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən müxtəlif hədiyyələr və “Aloff” firması tərəfindən futbol topu təqdim ediləcək.







Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Bakutel   Sərgi