Vətənpərvərlik

Vətənpərvərlik
  03 Dekabr 2018    Oxunub:2947
Vətənpərvərlik böyük məhvumdur. Bu sözün yükü və mənası ağır olduğu qədər də onu qorumaq da çətin və şərflidir. Vətənpərvərlik ali hisslərin formalaşmasına mühüm təsir edir.
Ali hisslər şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm tərəflərindəndir. Belə ki, vətənpərvərlik dəyişkən fenomen olduğundan bu hisslər cilovlanmadan nə dövlət, nə də cəmiyyət inkişaf edə bilməz.Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətəni qorumağa hər an hazır olmaq, onun yolunda fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Çünki, sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq.

Dövlətçiliyimizin qorunmasının əsas amili də vətənpərvərlikdir. Cünki, hər bir azərbaycanlı yaxşı bilməlidir ki, mənsub olduğu xalq suverenliyini və müstəqilliyini qazanmaq üçün nə qədər uzun bir yol keçib, tarixin hansı məhrumiyyətlərinə məruz qalıb. Vətən hər bir kəsin and yerinə çevrilməli, vətənimizin sərhədlərinin toxunulmazlığı onun böyükdən kiçiyə bütün vətəndaşlarının əzəli və əbədi borcu olmalıdır. Digər tərəfdən müstəqil dövlət quruculuğu yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifələr də düşür. Bu vəzifələri isə yalnız öz vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hazır olan gənclər yerinə yetirə bilər. Bununla belə, son dövrlərdə bəzi gənclərdə vətənpərvərlik və milli ləyaqət hisslərinin zəif olması hallarına təsadüf edilir.

Vətənin taleyinin təhlükə altında olduğu, onun bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin getdiyi bir zamanda xalqın vətəni qorumağa qadir, mərd, sadiq gənclərə böyük ehtiyacı var. Buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədəuyğun və sistemli iş aparılır.

Birinci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələrinin torpaqlarımızın 20 faizini işğal etməsi gənclərimizin bu ruhda böyüməsini labüd edir. Hərbi vətənpərvərlik hisslərin gənclərə aşılanmasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gördüyü işlərdə danılmazdır. Belə ki, xidmət yarandığı gündən genişmiqyaslı tədbirlər həyata keçirir, səfərbərlik hazırlığı, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətlərində əhəmiyyətli nəticələr əldə edib. Həqiqi hərbi xidmətdən yayınma halları tam aradan qalxıb. Xidmət ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə layiqli töhfə verib və bu proses də davam edir.

Eyni zamanda qurum müharibə şəraitində olan ölkəmizdə səfərbərlik hazırlığı və müddətli həqiqi hərbi xidmətə çağırış işi Xidmətin üzərinə əlavə məsuliyyətlər qoyub. Bu məsələlərin yüksək səviyyədə yerinə yetirilməsi məqsədilə ümumtəhsil müəssisələrində çağırışaqədərki hazırlıq fənninin tədrisinin müvafiq əsasnamənin tələblərinə uyğun təşkili və keçirilməsinin yoxlanılması, həmçinin əməli köməyin göstərilməsi mütəmadi olaraq nəzarətdə saxlanılır.

“Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü münasibətilə elan edilmiş yazı müsabiqəsinə təqdim olunur”

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Vətənpərvərlik  





Xəbər lenti