Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə edildi

 Azərbaycan-ABŞ hərbi əməkdaşlığı müzakirə edildi
  04 Dekabr 2018    Oxunub:2278
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ Müdafiə nazirinin müavininin müşaviri xanım Laura Kuperin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Azvision.az-a verilən məlumata görə, qonaqları salamlayan Müdafiə naziri ölkələrimiz arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən hərbçilərimizin NATO proqramları çərçivəsində fəaliyyəti, sülhməramlılarımızın Alyansın Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasında iştirakı haqqında ətraflı danışıb. Nazir bildirib ki, hər iki ölkə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. General-polkovnik Z.Həsənov qeyd edib ki, ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan zabitlərimizin sayının artırılması qərara alınıb.

Regiondakı hərbi-siyasi vəziyyət barədə də qonağa məlumat verən Müdafiə naziri Ermənistanın Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığını, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadan Azərbaycan torpaqlarını işğal altında saxladığını xüsusi vurğulayıb.

L.Kuper də öz növbəsində ABŞ hökumətinin Azərbaycanla təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın genişləndirilməsi və gücləndirilməsində maraqlı olduğunu vurğulayıb. Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni, o cümlədən sülhməramlılarımızın peşəkarlığını yüksək dəyərləndirən L.Kuper ABŞ-ın müdafiə naziri Ceyms Mettisdən sitat gətirərək bildirib ki, “Əfqanıstanda bu gün əldə edilən uğurlar Azərbaycanın güclü dəstəyi olmadan mümkün olmazdı”.

Qonaq ölkəmizin terrorizmlə mübarizədə iştirakını və sülhməramlılarımızın Əfqanıstandakı nümunəvi xidmətini də xüsusi qeyd edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq, hərbi təhsil və tibb hazırlığı məsələləri də müzakirə olunub.

Azvision.az


Teqlər: Azərbaycan   ABŞ  





Xəbər lenti