Əfqanıstanda sülh danışıqları - Kabil razılıq verdi

Əfqanıstanda sülh danışıqları -  Kabil razılıq verdi
  05 Dekabr 2018    Oxunub:3859
Əfqanıstan hökuməti ilə “Taliban” silahlı hərkatı arasında sülhə dair rəsmi danışıqlar bu ilin sonu, yaxud 2019-cu ildə başlaya bilər.

Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanın Ali Sülh Şurasının rəsmi nümayəndəsi İhsan Təhiri “RİA Novosti”yə açıqlamasında deyib.
Onun sözlərinə görə, talibançılar arasında sülh üzrə danışıqlar prosesinin tezliklə başlanmasının tərəfdarları getdikcə artır.

“Ümid edirik ki, hökumətlə “Taliban” arasında birbaşa sülh danışıqları ən tez zamanda başlayacaq. Mənbələrimizin məlumatlarına əsasən, “Taliban” rəhbərliyinin müxtəlif səviyyələrində sülhə cəhdlər artır”- Təhiri bildirib.

Onu da vurğulayıb ki, söhbət hansısa üçüncü tərəfin və vasitəçilərin iştirakı olmadan Əfqanıstan hökuməti ilə dialoqun başladılmasına cəhddən, eləcə də ölkədə sülhün bərpa olunması problemini nəzərdən keçirməkdən gedir: “Bütün bunlar Əfqanıstanın gələcəyi üçün “yaşıl işıq”dır. Və biz ümid edirik ki, ölkənin gələcəyilə bağlı hökumətlə talibançılar arasında birbaşa dialoq ya bu, ya da gələn il başlayacaq.”

Təhiri həmçinin bildirib ki, rəsmi Kabil heç bir ilkin şərt olmadan “Taliban” radikal hərəkatilə Əfqanıstanın gəlcəyinə aid istənilən məsələni, hətta ölkə konstitusiyasına mümkün dəyişiklikləri müzakirə etməyə hazırdır.

Qeyd edək ki, “Taliban” qruplaşması hökumətlə birbaşa dialoqa başlamazdan əvvəl bir sıra şərtlərinin yerinə yetirilməsində, xüsusən də ABŞ başda olmaqla bütün xarici silahlı qüvvələrin Əfqanıstandan tam çıxarılmasında təkid edirlər. Onların fikrincə, bu, konstitusiyanın bir sıra maddələrinin dəyişdirilməsi, qadınların və etnik azlıqların hüquqlarının müdafiəsi, narkoticarətlə mübarizə və ölkədəki digər kompleks problemlərin həllinə başlamaq üçün olduqca vacibdir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Taliban   Əfqanıstan  





Xəbər lenti