Paşinyanın gizli səs yazısı yayıldı – VİDEO

Paşinyanın gizli səs yazısı yayıldı –  VİDEO
  05 Dekabr 2018    Oxunub:13715
İnternetdə Ermənistan rəhbərliyinin yüksək vəzifəli şəxslərinin telefon söhbətinin növbəti sensasiyalı səs yazısı yayılıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu dəfə yayılan gizli söhbətin iştirakçıları Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyandır.

Səs yazısında onlar KTMT-nin vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan baş katibi Yuri Xaçaturov və Ermənistanın ikinci prezidenti Robert Koçaryanla bağlı atacaqları addımı müzakirə edirlər. Belə ki, Vanetsyan Xaçaturovun avtoritetini NATO baş katibi ilə müqayisə edir və Paşinyana deyir ki, onun həbsi İrəvanın başını ağrıdacaq, Moskva ilə problemlər yaradacaq. Və artıq Rusiya kəşfiyyatçıları və Federal Təhlükəsizlik Xidmətinin 2 rəsmisi Ermənistana gələrək izahat tələb ediblər və bildiriblər ki, Xaçaturovun həbsi KTMT-nin nüfuzuna ləkədir və yaxşı olardı ki, İrəvan onu vəzifədən uzaqlaşdırıb, sonra bu məsələni sakitcə həll etsin. Rus kəşfiyyatçılarının sözlərinə görə, əks təqdirdə Ermənistan bu addımının nəticəsinə qatlaşmalı olacaq. Paşinyan da razı olaraq, işin icrasının Ermənistan Xüsusi Istintaq Xidmətinin rəisi Sasun Xaçatryana tapşırılmasına dair göstəriş verib. Eyni zamanda, Xaçaturovun ölkəni tərk etməməsi üçün bütün lazımı tədbirlərdən, o cümlədən hakimlərə təzyiq metodundan istifadə də planlaşdırılıb.

Həmçinin, Xaçaturov məsələsi ətrafındakı səs-küydən diqqəti yayındırmaq üçün ilk növbədə Koçaryanın məsələsini həll etmək və ona qarşı sərt tədbirlərin görülməsi barədə qərar qəbul olunub. Vanetsyan Paşinyana bildirib ki, “bu gün Koçaryanı həbs edəcəyik”, baş nazir isə cavabında “yaxşı” deyib.



Xatırladaq ki, bundan əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın gizli səs yazısı yayılmışdı. Həmin səs yazısında Vanetsyanla Xaçatryan ölkənin keçmiş prezidenti Robert Koçaryan və KTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar və Rusiyanın narazılığını nəzərə alaraq Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar.

Bu isə İrəvandakı rəhbərliyin qanunsuz əməlləri, o cümlədən də məhkəmə hakimiyyətinə təzyiqlərilə bağlı ciddi narazılıq yaratmışdı. Nəticədə, gizli səs yazısının yayılması ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılaraq istintaqa başlandı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Paşinyan  





Xəbər lenti