Azərbaycanın Rus İcması Zatulinə etiraz etdi

  05 Dekabr 2018    Oxunub : 1021
Azərbaycanın Rus İcması Zatulinə etiraz etdi
Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin unudur ki, məhz Ermənistan həqiqi təcavüzkardır və Azərbaycana hücum edərək Xocalı, Ağdam kimi şəhərləri məhv edib və qocaları, qadınları və uşaqları qətlə yetirib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Rus icmasının Zatulinin İrəvanda keçirilmiş Rusiya-Ermənistan “Lazarev klubu”nun ilk iclasında səsləndirdiyi fikirlərlə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, erməni təcavüzkarları 1 milyondan çox sakini öz evlərini tərk etməyə və öz torpaqlarında qaçqın olmağa məcbur edib:

“20 ildən çoxdur ki, Azərbaycan və onun rəhbərliyi Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməyə çalışır və yalnız 2016-cı ildə ölkənin aramsız atəşə tutulmasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri təcavüzkarlara layiqli cavab verdi və müəyyən əraziləri azad etdi”.

Bəyanatda vurğulanıb ki, Azərbaycanın Rus İcması ölkənin ərazi bütövlüyü hüququnu müdafiə etməsini dəstəkləyir, yüzlərlə rus Dağlıq Qarabağı erməni təcavüzkarlardan müdafiə edərkən həlak olub: “Ermənistan daha nə qədər Azərbaycan xalqının səbrini sınaya bilər, azərbaycanlıları öz doğma torpaqlarına qaytarmaq üçün daha nə qədər vaxt lazımdır? Konstantin Zatulin bu suallara cavab verə biləcəkmi?”

Azvision.az

Teqlər: Zatulin   İcma