Məmmədyarov Fontana ilə görüşüb

Məmmədyarov Fontana ilə görüşüb
  05 Dekabr 2018    Oxunub:1856
Xarici işlər nazir Elmar Məmmədyarov Milana səfəri çərçivəsində İtaliyanın Lombardiya Regionun prezidenti Attilio Fontana ilə görüşüb.
XİN-dən Azvision.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-İtaliya münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, bütün sahələrdə, o cümlədən iqtisadi sahədə səmərəli əməkdaşlığın mövcudluğu, bu xüsusda İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğu qeyd edilib. Azərbaycanda çoxsaylı İtaliya şirkətlərinin fəaliyyət göstərdiyi, operativ qərargahları Lombardiyada yerləşən Saipem, Eni, Snam, Maire Tecnimont kimi iri şirkətlərin Azərbaycanla əməkdaşlığa cəlb olunduğu, regionun mərkəzi şəhəri Milan ilə Bakı arasında birbaşa hava nəqliyyat xəttinin olmasının iki ölkə arasında turizm sahəsində də əlaqələrin inkişafı üçün əhəmiyyəti bildirilib. Lombardiya Regionunun İtaliyanın iqtisadi və mədəni həyatında önəmli yerə malik olduğunu nəzərə alaraq, bu regionun Azərbaycan-İtaliya münasibətlərinin daha da inkişafına əlavə töhfələr verə biləcəyindən əminlik ifadə olunub.

Lombardiya Regionunun prezidenti gənclik dövründə Bakıya səfəri ilə bağlı xoş xatirələrini bölüşüb, Azərbaycanın son illərdə əldə etdiyi yüksək nailiyyətlər barədə məlumatlı olduğunu bildirib və rəhbərlik etdiyi regiondan olan şirkətlərin Azərbaycandakı yeni iqtisadi imkanlardan faydalanmasında maraqlı olduğunu, eləcə də Lombardiyanın yüksək elmi-texnoloji potensialını da nəzərə alaraq, regiondakı ali təhsil müəssiələri və elmi-tədqiqat insitutlarının Azərbaycandakı müvafiq qurumlarla əlaqələrinin də inkişafının faydalı olacağını diqqətə çatdırıb.

Nazir E.Məmmədyarov son illərdə Azərbaycan və İtaliya arasında münasibətlərdə intensivliyin müşahidə olunduğunu, bu xüsusda cari ilin iyul ayında İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri vaxtı Prezident İlham Əliyevlə apardığı müzakirələri xatırladıb, habelə səfər vaxtı hər iki dövlət başçılarının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində operativ qərargahı Milanda yerləşən Maire Tecnimont şirkəti tərəfindən inşa edilən polipropilen zavodunun açılışının keçirildiyini bildirib. Azərbaycanın inkişaf strategiyası, prioritet inkişaf istiqamətləri, ölkəmizin regional və beynəlxalq layihələrin, o cümlədən Cənub Qaz Dəhlizinin həyata keçirilməsindəki aparıcı rolu barədə məlumat verən nazir E.Məmmədyarov ölkəmizlə daha yaxından tanış olmaq və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün A.Fontananı regiondan olan iqtisadi və elmi-akademik qurumların nümayəndələrinin müşayiəti ilə Azərbaycana səfərə dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul edən Lombardiya Regionun prezidenti yaxın müddətdə geniş nümayəndə heyəti ilə Azərbaycana səfər etmək niyyətində olduğunu bildirib.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti