Sabiq dövlət müşaviri: “Corc Buş Azərbaycanı dəstəkləyirdi”

  06 Dekabr 2018    Oxunub : 1226
 Sabiq dövlət müşaviri: “Corc Buş Azərbaycanı dəstəkləyirdi”
Xəbər verdiyimiz kimi, dekabrın 1-də ABŞ-ın 41-ci prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buş (Ata Buş) 95 yaşında vəfat edib. Azərbaycan prezidenti İlham Əliyev ötən gün Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinə gələrək onun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.
Prezident mərhum Corc Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yaradılmasında və inkişafında rolunu xüsusi vurğulayıb, ulu öndər Heydər Əliyevlə yaxın münasibətlərini, vaxtilə onun Heydər Əliyevi öz evində qəbul etməsini xatırlayıb, bunun çox vacib və unudulmaz bir görüş olduğunu deyib. Ulu Öndərin ona göstərilmiş hörmətdən, səmimi görüşdən çox təsirləndiyini bildirib.



Dövlət başçısı 2004-cü ildə keçirilən Afina Yay Olimpiya Oyunlarının açılış mərasimi ilə əlaqədar təşkil olunan qəbulda mərhum Corc Buşla görüşdüyünü və onunla söhbət etdiyini yada salıb.

ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə gəlməsindən böyük şərəf duyduğunu bildirib. O, qeyd edib ki, Corc Buş Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik münasibətlər quran Amerika Birləşmiş Ştatları Prezidenti kimi ölkələrimiz arasında güclü münasibətlərin təməlini qoyub.



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseyinli AzVision.az-a bildirib ki, Corc Herbert Uoker Buşun prezidentliyi dövründə Azərbaycanla ABŞ arasında yaxın münasibətlər mövcud olub.

Onun fikrincə, “Əsrin müqaviləsi” Bill Klintonun dövründə imzalansa da, bütövlükdə Amerikanın 6 neft şirkətinin ölkəmizə gəlməsi və burada neft müqavilələrinin reallaşdırılması ilə məşğul olması Buşun yaxından köməkliyi ilə olub.

“Çünki Buş daha çox neft maqnatlarının maraqlarına xidmət edən siyasət həyata keçirirdi. Eyni zamanda Azərbaycanda zəngin neft ehtiyatlarının mövcud oluduğuna inanırdı və bu neft ehtiyatlarının Qərb ölkələrinə, İsrailə, Qərbi Avropa ölkələrinə daşınmasında maraqlı idi. O zaman mərhum prezidentimiz Heydər Əliyev də bir neçə dəfə ABŞ-a səfər etmişdi. Orada Buşla yaxın münasibətlər qura bilmiş, söhbətlər aparmışdı. Hətta Ki-Uest adasında Dağlıq Qarabağa dair Azərbaycan və Ermənistan prezidentləri arasında görüş təşkil etmişdi. Həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına dair əhəmiyyətli danışıqlar olmuşdu".



Q.Hüseynli hesab edir ki, Buş dövründə Amerika siyasəti aqressivliyi ilə fərqlənsə də, ölkəmizə münasibətdə daha obyektiv yanaşılıb: “Buş Azərbaycanda neft sənayesinin inkişafı və çıxarılmış neftin Qərb bazarlarına daşınmasını nəzərdə tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi üçün bir növ lobbiçilik siyasəti həyata keçirib. Bu nöqteyi-nəzərdən ABŞ-ın Corc Buş dövrü Azərbaycan xarici siyastində uğurlu səhifələrdən biridir. O, Azərbaycanı dəstəkləyirdi. Buş və Heydər Əliyev arasındakı dostluq münasibətləri Azərbaycanın haqq işinin dünyaya yayılmasında, neft kontraktlarının reallaşdırılmasında, neft siyasətinin Azərbaycan üçün böyük mənfəətlər gətirməsində kifayət qədər böyük rol oynayıb”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Corc-Buş