Azərbaycanda “quş qrip”i təhlükəsi var? - Açıqlama

Azərbaycanda “quş qrip”i təhlükəsi var? -  Açıqlama
  07 Dekabr 2018    Oxunub:2193
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İranın Tehran vilayətindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
Qonşu ölkədə yayılan bu xəstəlik Azərbaycana keçə bilərmi? Ölkəmizdə quş qripi ilə bağlı vəziyyət necədir?

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Azvision.az-a bildirib ki, Azərbaycanda quş qripi ilə bağlı ekzotik vəziyyət qeydə alınmayıb.

“Ölkəmizdə quş qripinə görə monitorinqlər aparılıb. Noyabrın 12-dən etibarən həm ev quşları, həm də çöl quşlarına görə birinci monitorinq start götürüb. Təsərrüfatlardan aldığımız və çöl quşlarına görə aparılan monitorinqlər zamanı quşlarda hər hansı xəstəlik törədicisinin olduğu müəyyən edilməyib. Ölkəmizdə quş qripinə görə vəziyyət sabitdir. Həmçinin çöl quşlarının miqrasiyanın Şimaldan Cənuba doğru başlamasını da nəzərə alsaq, heç bir narahatçılığa əsas yoxdur”.

Y.Xanvəli qeyd edib ki, növbəti monitorinq yaxın günlərdə start götürəcək: “ÜST-ün son məlumatına görə, quş qripi yeni qeydə alınan ölkələr Laos, ABŞ, Cənubi Afrika ölkələri və Səudiyyə Ərəbistanıdır. Ən çox quş qripi qeydə alınan ölkələr isə Çin və Vyetnamdır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Quş-qripi   Qrip  





Xəbər lenti