Prezidentlərin baxdığı balet: “Şelkunçik”də nədən bəhs olunur? - (VİDEO)

  07 Dekabr 2018    Oxunub : 6448
 Prezidentlərin baxdığı balet: “Şelkunçik”də nədən bəhs olunur? - (VİDEO)
Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə keçirilən zirvədə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub. Dövlət başçıları, hənçinin Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.



Azvision.az prezidentlərin tamaşa etdiyi “Şelkunçik” baletinin məğzini oxuculara təqdim edir:

"Şelkunçik" (Fındıqqıran, Qozqıran) baleti rus bəstəkarı Çaykovskinin 1891-ci ildə bəstələdiyi son baletdir. Balaca alman qız Klara Stalbaumun yeni il hədiyyəsi kimi aldığı fındıqsındıran oyuncağı ilə bağlı yuxuları mövzusunda yazılmış mistik-nağıl janrında əsərdir. İlk dəfə 1892-ci ildə Sankt-Peterburq şəhərində səhnələşdirilən "Şelkunçik" baleti yeni il şənlikləri ilə eyniləşdirilmiş və bir çox balet ictimaiyyəti tərəfindən yeni ildə səhnələşdirilməsi adət halını almışdı. “Şelkunçik” dünyanın ən çox səhnələşdirilən balet əsərlərindən biridir.



Baletdə ziyafət səhnəsində Stalbaum ailəsinin evi göstərilir. Yeni il axşamı Klara, qardaşı Fritz, ana və atası ilə böyük Yeni il şamının altında dostları ilə birlikdə əylənirlər. Sirli Rahib Drosselmeyer uşaqlar üçün bir kisə oyuncaqla gəlir. Ən gözəl oyuncaq, Klaraya hədiyə edilən fındıqsındırandır. Onu qısqanan Fritz, oyuncağı sındırır, ancaq Drosselmeyer təmir edir. Ziyafət sona çatdıqda ailə yatmağa gedir, ancaq Klara fındıqsındıranı görmək üçün ağacın altına gəlir. Qollarında fındıqsındıran ilə yuxuya gedir. Gecə yarısı, qəribə hadisələr baş verir. Klara siçan səsi eşidərək oyanır. Otaq siçanlar kralının başçılığı altında siçan ordusu ilə dolur. Klara qaçmak istəsə də, siçanlar onu dayandırır. Digər tərəfdən otaqdakı oyuncaqlar da canlanır.



Fındıqsındıranın rəhbərlik etdiyi əsgərlər siçanlar kralının ordusu ilə döyüşür və ölür. Klaranın başmağını siçanlar kralının başına atması ilə kral ölür və onun cəsədini daşıyan siçanlar otağı tərk edirlər. Klaranın fındıqsındıran üçün tökdüyü gözyaşları onu canlandırır. Şahzadəyə çevrilən fındıqsındıran Klaranı öz ölkəsi olan qarlar ölkəsinə aparır. Şahzadə və Klara qar dənələrinin rəqsi ilə qarşılanırlar. Klara şahzadə ilə birgə şəkər ölkəsinə gedir. Şəkər pərisinə siçanlarla baş vermiş döyüş haqqında danışırlar. Pəri onları mükafatlandırmaq üçün bayram rəqi təqdim edir. Sonda şahzadə ilə şəkər pərisi birlikdə rəqs edirlər. Klara yuxudan oyanır fındıqsındıranı ilə birlikdə evlərinin salonundakı şam ağacının altında görür.

Azvision.az

Teqlər: Şülkunçik