Azərbaycan-ABŞ münasibətləri konqresmenlərlə müzakirə olunub

Azərbaycan-ABŞ münasibətləri konqresmenlərlə müzakirə olunub
  10 Dekabr 2018    Oxunub:5575
ABŞ tərəfinin dəvəti əsasında Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, millət vəkili Səməd Seyidovun, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin, Maliyyə Monitorinqi Xidmətinin və Azərbaycanın ABŞ-dakı Səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyəti ABŞ Senatında keçirilən 12-ci Kəşfiyyat-Təhlükəsizlik üzrə Parlament Forumunda iştirak edib.
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən Azvision.az-a verilən xəbərə görə, foruma ümumilikdə 83 ölkədən, 350-ə yaxın parlament, hökumət nümayəndələri və ekspertlər qatılıb. Tədbir zamanı, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, kiber təhlükəsizlik, kripro valyuta, xarici sərmayə kimi sahələrdə parlament nümayəndələri və ekspertlər tərəfindən çıxışlar edilmiş və fikir mübadiləsi aparılıb.

Tədbirin açılış sessiyasında forumun sədri, ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Robert Pittenger, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü Chris Stewart, Bill Huizenga, Maliyyə Xidmətləri Komitəsinin sədri Jeb Hensarling çıxış etmiş, mövzular üzrə beynəlxalq əməkdaşlığın inkişafı üçün tədbirin əhəmiyyətli olduğunu vurğulayıblar. Forumda həmçinin, ABŞ Senatının çox nüfuzlu üzvlərindən olan senator Lindsay Graham, ABŞ Nümayəndələr Palatasının demokratik azlığın rəhbəri və 2019-cu ildən demokratik çoxluğun rəhbəri olacaq konqresmen Steny Hoyer, Konqres üzvləri Blane Luetkemeyer və French Hill çıxış edərək ABŞ Konqresinin tədbirin mövzuları üzrə fəaliyyəti barədə məlumat verib, kiber təhlükəsizlik sahəsində təhdidlərlə mübarizədə beynəlxalq əməkdaşlığın rolunun əhəmiyyətli olduğunu bildiriblər.

Forumda daha sonra, xarici sərmayələrdən irəli gələn tədbirlər, kiber təhlükəsizlik, özəl sektorun terrorizm əleyhinə səylərdə fəaliyyəti, hökumətlərin terrorizm əleyhinə səyləri, məxfilik və məlumat mübadiləsinin aspektləri, kriptovalyutanın təhdidləri və dəyərləndirilməsi panelləri üzrə çıxışlar edilmiş və sual-cavab sessiyası keçirilib. Qeyd edilən panellər çərçivəsində ABŞ maliyyə katibinin beynəlxalq bazarlar üzrə müavini Heath Tarbert, ABŞ-ın Maliyyə Tədbirləri üzrə İşçi Qrupunda (Financial Action Task Force – FATF) nümayəndə heyətinin rəhbəri Scott Rembrandt, Moldova Parlamentinin spikeri, Macarıstan Parlamentinin spiker müavini, ABŞ və Avropadan olan mütəxəssislər çıxış edib və forum iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Panellər çərçivəsində tədbirin mövzuları üzrə hökumətlərin işinin səmərəli təşkili üçün zəruri qanunvericilik bazası, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması sahəsində təkliflər irəli sürülmüş, mövcud təcrübələr barədə məlumat verilib. Qlobal terrorizm və transmilli mütəşəkkil cinayətkarlıq ilə mübarizənin, habelə kiber təhlükəsizliyin səmərəli təşkili üçün özəl və dövlət sektoru arasında əməkdaşlığın və beynəlxalq əməkdaşlığın inkişafının əsas cəhətləri üzrə müzakirələr aparılıb.

Forum çərçivəsində Milli Məclisin üzvü Səməd Seyidov və Azərbaycan nümayəndə heyətinə daxil olan digər üzvlər Forumun sədri Konqres üzvü Robert Pittenger ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıblar. Səməd Seyidov ABŞ Konqresi ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib. Forumun növbəti günü, 7 dekabr tarixində Səməd Seyidov Forumun İdarəetmə Komitəsində də iştirak etmiş və tədbirin əhəmiyyəti barədə öz fikirləri ilə bölüşüb. Azərbaycan nümayəndə heyətinin ilk dəfə olaraq Foruma qatıldığını bildirən Səməd Seyidov ölkəmizin gələcək tədbirlərdə də iştirakının ABŞ-Azərbaycan əməkdaşlığına töhfə verdiyini diqqətə çatdırıb. Komitənin iclası zamanı forumun işinin təşkilinin daha da təkmilləşdirilməsi və forum çərçivəsində gələcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıbdır. Komitənin iclası zamanı, 2019-cu ilin 14-15 yanvar tarixlərində Paraqvayda, fevral ayında İsraildə və dekabr ayında Toqoda keçiriləcək tədbirlərə hazırlıq işləri barədə məlumat verilib.

ABŞ-a səfəri çərçivəsində Milli Məclisin üzvü Səməd Seyidovun Arizonanı təmsil edən respublikaçı Konqres üzvü Paul Gosarla ikitərəfli görüşü təşkil olunub. Səməd Seyidov görüş zamanı Azərbaycanın geosiyasi mövqeyi və regional vəziyyət, enerji təhlükəsizliyinə verdiyi töhfə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın dini tolerantlıq nümunəsi olması, tranzit və nəqliyyat sahəsində rolu barədə Konqres üzvünü məlumatlandırıb. Görüş zamanı Cənub Qaz Dəhlizi və xüsusilə Trans-Adriatik Kəməri üzrə aparılan işlər barədə Konqres üzvünün maraqlandığı sualları cavablandırılıb.

Səməd Seyidov ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə Müşaviri John Boltonun bölgəyə səfəri çərçivəsində ölkəmizə dair səsləndirdiyi dəstək ifadələrinin, eləcə də münaqişənin həlli üzrə təkliflərinin, bununla yanaşı Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi məsləhətləşmələrin bu yaxınlarda Bakıda keçirilmiş iclasının ABŞ-Azərbaycan münasibətlərinin artan əhəmiyyətinin göstəricisi olduğunu vurğulayıb. Səməd Seyidov ABŞ və Azərbaycan qanunverici orqanlarının üzvlərinin qarşılıqlı səfərlərinin, ABŞ Konqresində fəaliyyət göstərən Azərbaycan üzrə İşçi Qrupunun fəaliyyətinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırmış bu istiqamətdə işlərin daha da artırılmasının əhəmiyyətinə diqqət çəkib. Konqres üzvü Paul Gosar Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu və əməkdaşlığın inkişafı üçün fəaliyyətin artırılmasının zəruri olduğunu bildirib.

Azərbaycan nümayəndə heyəti ABŞ-a səfəri çərçivəsində, həmçinin 7 dekabr tarixində Azərbaycan Parlamentinin 100-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi tərəfindən təşkil olunmuş ziyafətdə və bu münasibətlə “Əbədi Ezamiyyət” sənədli filminin təqdimatında iştirak edib.

Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti