"Bu, ümumbəşəri sivilizasiyaya qarşı vandalizm aktıdır" - Rektor

"Bu, ümumbəşəri sivilizasiyaya qarşı vandalizm aktıdır" -  Rektor
  10 Dekabr 2018    Oxunub:2256
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibətilə konfrans keçirib
Azvision.az xəbər verir ki, tədbir “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusuna həsr olunub.

Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O qeyd edib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çox sayda məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunaraq bərbad vəziyyətə gətirilib. C.Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin, Хocalı soyqırımının, bütövlükdə Qarabağ müharibəsi zamanı Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiklərini vurğulayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov məruzəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktları barədə məlumat verib.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “İşğal altındakı tarixi-dini abidələrimiz” mövzusunda məruzəsində ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdiyi cinayətlər haqqında danışıb. Natiq bu cinayətlərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılmasının vacibliyini vurğulayaraq, bu yöndə görülən işlərdən bəhs edib.
Sonda Dövlət Komissiyasının materialları əsasında çəkilmiş “Sərhəd” sənədli filmi nümayiş olunub.

Azvision.az


Teqlər: İlahiyyat   Tədbir  





Xəbər lenti