Köçkünlərlə növbəti görüş keçirilib

Köçkünlərlə növbəti görüş keçirilib
  11 Dekabr 2018    Oxunub:1486
Dekabrın 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib.
Bu barədə Azvision.az-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Görüşdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat, şöbə və departament rəhbərləri iştirak ediblər. Əvvəlcədən qəbula yazılmış vətəndaşlar fərdi qaydada qəbul edilib, onların müraciətləri dinlənilib.

Müraciətlər, əsasən mənzil, statusun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub. Qəbulda mənzilləri məcburi köçkünlər tərəfindən zəbt edilmiş vətəndaşlar da iştirak ediblər.

Məlumat verilib ki, məcburi köçkünlərə qayğı dövlət siyasətinin prioritetlərindəndir. Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərini hər zaman diqqət mərkəzində saxlayır, onların maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı tapşırıqlar verir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı, Sumqayıt şəhərlərində yararsız və qəzalı binalarda yaşayan köçkün ailələrinin tezliklə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırıqların icrasına şəxsən nəzarət edir. Qeyd olunub ki, dörd minə yaxın məcburi köçkün vətəndaşlara və ya dövlət qurumlarına məxsus mənzil və ya evləri zəbt edərək məskunlaşıb. Dövlət Proqramına bu məsələnin də həllinə dair bənd əlavə edilib və komitə son vaxtlar bununla əlaqədar iş aparır. Zəbt olunmuş mənzillərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin probleminin həlli üzrə mərhələli şəkildə işlərə başlanılacağı gözlənilir.

Müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Azvision.az


Teqlər: Qaçqın  





Xəbər lenti