Nəcməddin Sadıkov NATO generalı ilə görüşdə

Nəcməddin Sadıkov NATO generalı ilə görüşdə
  12 Dekabr 2018    Oxunub:2076
Dekabrın 11-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) general Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, general-polkovnik N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin inkişaf etdiyini qeyd edərək, Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini vurğulayıb.

NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən general-polkovnik N.Sadıkov Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini bildirib.

General K.Skaparotti Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

General K.Skaparotti NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Qonaq görüşə və göstərilən qonaqpərvərliyə, həmçinin sabah Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparıblar.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   NATO  





Xəbər lenti