Dövlət Xidmətində Heydər Əliyev anılıb

  12 Dekabr 2018    Oxunub : 803
Dövlət Xidmətində Heydər Əliyev anılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Aparatında, həmçinin yerli idarə, şöbə və bölmələrində, o cümlədən strukturuna daxil olan qurumlarda Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Xidmətdən Azvision.az -a verilən xəbərə görə, SHXÇDX Aparatında keçirilən mərasimdə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xidmət rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin memarı olduğunu qeyd edib.



Bildirib ki, Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi və sayğı nümunəsi olan böyük azərbaycanlı – Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır.



Mərasimdə Ümummilli Lider Heydər Əliyevin ömür yolu, ölməz ideyalarından söhbət açılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə də xarici siyasətində əldə etdiyi hər bir uğuru Ulu Öndərin zəkasının təcəssümü, onun əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının qələbəsidir.



Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət” sənədli filmi nümayiş etdirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Azvision.az

Teqlər: SHXÇDX   Heydər-Əliyev