Miqrasiya Xidmətində Heydər Əliyevin xatirəsi yad edilib

Miqrasiya Xidmətində Heydər Əliyevin xatirəsi yad edilib
  12 Dekabr 2018    Oxunub:1758
Xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayan, müasir dövlətçilik tariximizdə əbədi iz qoyan, dünya miqyaslı siyasətçi, Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində (DMX) ehtiramla yad edilib.
Azvision.az xəbər verir ki, tədbir Dövlət Himninin ifası ilə başlayıb. Əvvəlcə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Ümummilli lider Heydər Əliyevin xalqımızın tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycanın ötən əsrin 70-ci illərindən başlayaraq qazandığı bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi böhran, dövlətimizin məhv olmaq təhlükəsi tarixi faktlarla xatırlanıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra böyük çətinliklər hesabına Azərbaycan xalqının düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardığına, vahid komandanlıq altında Silahlı Qüvvələrin formalaşdırıldığına diqqət çəkib.



Daha sonra Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məruzəsi dinlənilib. Bildirib ki, dünya miqyaslı siyasətçi Heydər Əliyev xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi yaşayır. Ulu Öndər siyasi uzaqgörənliyi, müdrikliyi və qətiyyəti ilə Azərbaycanı nüfuzlu bir dövlətə çevirib. Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişaf əldə edilib və müstəqilliyimiz əbədi və dönməz olub.



Qeyd olunub ki, Ulu öndər Heydər Əliyev dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların diqqətini respublikamıza çəkə bilib və ölkəmizin xarici siyasətində böyük dönüş yaradıb. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra onun balanslaşdırılmış xarici siyasəti sayəsində ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv olub. Ümummilli Liderin apardığı uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda “Əsrin müqaviləsi” imzalanıb. Diqqətə çatdırılıb ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Ulu Öndərin uğurlu siyasətinin bəhrələridir.

Tədbirdə xalqımızın xilaskarı, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımlara da toxunulub. Qeyd edilib ki, bu gün Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Bu siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxıb.

Sonda tədbir iştirakçıları Ümummilli Liderin həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.



Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və miqrasiya orqanlarının bir qrup əməkdaşı Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.

Azvision.az


Teqlər: Miqrasiya-Xidməti   Heydər-Əliyev  





Xəbər lenti