QDİƏT-ə sədrlik Azərbaycandan Bolqarıstana keçəcək

  13 Dekabr 2018    Oxunub : 1112
 QDİƏT-ə sədrlik Azərbaycandan Bolqarıstana keçəcək
Bu ilin 14 dekabr tarixində ölkəmizin sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası keçiriləcək.
XİN-nin mətbuat xidmətindən Azvision.az -a verilən mэlumata görə, iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcəklər.

“Azərbaycanın 1 iyul - 31 dekabr 2018-ci il müddəti çərçivəsində QDİƏT-də sədrliyi “Bağlantılar vasitəsilə ticarətin gücləndirilməsi” şüarı altında həyata keçirilir. Sədrliyimizin əsas prioritetləri arasında QDİƏT məkanında səmərəli, etibarlı və təhlükəsiz nəqliyyat və tranzit xidmətlərin göstərilməsi, kənd təsərrüfatının ixrac qabiliyyətinin artırılması və turizmin daha da inkişaf etdirilməsi xüsusi yer tutur.

Sədrliyimiz dövründə QDİƏT regionunda və onun hüdudlarından kənarda inkişafa və ticarətin gücləndirilməsinə töhfə vermək məqsədilə Bakıda nəqliyyat və informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə nazirlərin iki iclası, müvafiq olaraq bu ilin 25 oktyabr və 4 dekabr tarixlərində keçirilib. Ümumilikdə, Azərbaycanın sədrliyi zamanı xarici işlər nazirləri səviyyəsində görüş də daxil olmaqla 4 nazirlər, 21 tematik işçi qrupunun və xüsusi işçi qruplarının iclasları keçirilib və bir sıra işçi qruplarının (turizm, İKT, enerji) fəaliyyət planları qəbul edilib. Həmçinin, 10-dan yuxarı QDİƏT-in əlaqəli orqanlarının toplantıları, təlim proqramları, seminarlar və digər tədbirlər təşkil olunub. Bundan əlavə, Azərbaycan sədrliyinin müraciətləri əsasında QDİƏT-in işinin səmərəliliyinin artırılması məqsədilə müvafiq qiymətləndirmə sənədləri hazırlanıb.

Qeyd olunanlardan əlavə, Azərbaycanın sədrliyi zamanı “QDİƏT regionunda regional ticarətin asanlaşdırılması üzrə Strategiya” və “QDİƏT-in bir pəncərə əməkdaşlığı üçün Çərçivə” sənədlərinin layihələri üzərində işin başa çatdırılması məqsədilə müvafiq müzakirələr davam etdirilib. Sözügedən sənədlər regionda artan rəqabət qabiliyyətinə, eləcə də QDİƏT məkanında ölkələrin rifahı naminə ticarətin asanlaşdırılması prosesinə yeni təkan verilməsi məsələlərini özündə ehtiva edir".

Qeyd olunub ki, QDİƏT-ə sədrlik Azərbaycandan sonra Bolqarıstana keçəcək: "Məlum olduğu kimi, QDİƏT Türkiyə Respublikasının təklifi ilə 1992-ci ilin 25 iyun tarixində İstanbul Bəyannaməsinin imzalanması ilə yaradılıb. Hal-hazırda təşkilatın 12 üzvü vardır: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Habelə, 14 dövlət və 4 təşkilat QDİƏT-də müşahidəçi statusuna malikdirlər".

Azvision.az

Teqlər: QDİƏT   XİN