Cəzaçəkmə müəssisəsinə baxış keçirilib

Cəzaçəkmə müəssisəsinə baxış keçirilib
  14 Dekabr 2018    Oxunub:2648
İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilib.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ-nin üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkum fərdi qəbul olunub, müraciətlərinə baxılıb, o cümlədən Əfqan Muxtarlı, Fuad Əhmədli və Asif Yusifov da konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanılma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Azvision.az


Teqlər: Həbsxana  





Xəbər lenti