Ərəblərin sayı azalıb, indi pakistanlılar Bakıya axışır

  Ərəblərin sayı azalıb, indi pakistanlılar Bakıya axışır
  17 Dekabr 2018    Oxunub:3362
"Yeni il bayramı ilə əlaqədar Azərbaycana turistlər gəlməyə başlayıblar. Ənənəvi olaraq regionlardakı otellərdə sıxlıq müşahidə edilir"

Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. O bildirib ki, bayram ərəfəsində ölkəmizə gələn turistlərin sayı ötən ilki səviyyədədir.
"Qəbələ, Tufandağ, Şahdağdakı otellərdə yerlər əsasən Azərbaycan vətəndaşları tərəfindən tutulub. Bu da yeni il proqramları ilə əlaqədardır. Bundan əlavə, azərbaycanlılar yeni ili keçirmək üçün ənənəvi olaraq Dubay, Gürcüstan, Türkiyə, Avropa ölkələrinə üz tuturlar".

N.Bağırov bildirib ki, yeni il proqramlarının qiyməti 4-5 ulduzlu otellərdə fərqlidir: "Yeni il ərəfəsində qiymətlər adi vaxtlardan baha olur. Bu, dünyanın hər yerində belədir. 4 ulduzlu otellərdə 1 gün qalmaq 1 nəfər üçün 100 manatdan başlayır. Xaricdən gələn vətəndaşlar üçün qiymətlər əlverişlidir".



Assosiasiya sədri ölkəyə gələn turistlərin sayında artımın olmamasının səbəblərini izah edib: "Hər gün yeni istiqamətlər açılır. Dünyada turist üstündə "müharibələr" gedir. Hər gün yeni konkurentlərimiz peyda olur. Rəqabətdə artım etmək çətindir, amma çalışmalıyıq".

Onun sözlərinə görə, Azərbaycana əsasən ərəb ölkələrindən və Rusiyadan turistlər gəlir: "Hindistan, Pakistan istiqamətindən gələn turistlərin sayı günü-gündən artır. Bununla bağlı müxtəlif işlər görülür. Yaxın zamanlarda ümidvaram ki, birbaşa təyyarə reysləri olacaq. Biz Hindistan, Pakistan bazarı üçün maraqlıyıq. Ərəb ölkələri üçün də Azərbaycan istirahət məkanı kimi maraqlıdır, amma bəzi dövlətlərdən gələn ərəb turistlərin sayında azalma var. İrandakı iqtisadi problemlər turist sayında kifayət qədər azalmaya səbəb olub. Ümidvarıq ki, Novruz bayramında müəyyən qədər artım müşahidə ediləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: Turizm   Nahid-Bağırov  





Xəbər lenti