Gələn il avtomobillərin qiyməti bahalaşacaq

  17 Dekabr 2018    Oxunub : 1230
Gələn il avtomobillərin qiyməti bahalaşacaq
"Gələn il avtomobillərin qiymətindəki artım sürətlənəcək. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri yanvarın 1-dən etibarən artırılacaq"
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

"Avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə aksiz vergisi 0.20 manatdan 0.30 manatadək yüksəldilib. Bu göstərici 3000 kubsantimetrədək olan avtomobillər üçün əvvəllər 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idisə, gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq. Mühərrik gücü böyük olanlarda daha yüksək vergi artımları nəzərdə tutulur".

V.Bayramov qeyd edib ki, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq, artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir.

"Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da belə, kiçik mühərrikli avtomobillərin idxalındakı vergilərin yüksəldilməsi izah edilən deyil. Avtomobil idxalı aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımının cüzi olması məqsədə uyğun idi. Bütövlükdə, gələn il xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir", - deyə ekspert bildirib.

Azvision.az

Teqlər: Ekspert   Vüqar-Bayramov