Türkiyə rəsmisi Bakıda birlik çağırışı etdi

  17 Dekabr 2018    Oxunub : 1457
 Türkiyə rəsmisi Bakıda birlik çağırışı etdi
“Dost və qardaş Azərbaycan başda olmaqla, digər müttəfiqlərimiz seçilmiş dövlət başçısına qarşı FETÖ-nün çevriliş cəhdini qəbul etmədiklərini bəyan etdilər. Onlar öz ölkələrində olan FETÖ-nün media və təhsil qurumlarının fəaliyyətinə son qoydular. Bu terror təşkilatına üzv olan şəxslərin ölkələrindən çıxardıqlarına, ekstradisiya və digər tələblərimizə reaksiya verdiklərinə görə onlara təşəkkür edirik”
Azvision.az xəbər verir ki, bunu Türkiyə ədliyyə nazirinin müavini Yıldız Səfərinoğlu Bakıda keçirilən II Avrasiya Hüquq Qurultayında çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, regionda baş verən hadisələrdən sonra Türkiyə mühacirlər üçün hədəf olmaqla yanaşı, tranzit ölkəyə çevrilib:

“Türkiyə yüz illər boyu insanlar üçün etibarlı liman olub. Sərhədlərimiz zülümdən qaçan bütün məzlumlara açıqdır. Ölkələrində baş verən hadisələrlə əlaqədar 4 milyon suriyalını ölkəmizdə qonaq edirik. Amma, hazırda mühacirlərin aqibəti 21 əsrdə insanların imtahanına çevrilib. Bir neçə ölkənin fəaliyyəti ilə problemin həll olunacağı mümkünsüz görünür. Bu baxımdan bütün ölkələr problemin həllinə dəstək verməlidir”.

Türkiyə rəsmisi ölkələri terrorizmə qarşı birləşməyə çağırıb: “Bir çox ölkə terror hücumlarına məruz qalır. Bu hücumlar zamanı əsas hədəf günahsız insanlar olur. Təəssüf ki, Türkiyə müxtəlif adlar daşısalar da, eyni məramla hərəkət edən terror təşkilatlarının ortaq hədəfinə çevrilib. Biz terrorun bütün növlərinə qarşı qərarlı mübarizə aparırıq. Təcrübəmiz göstərir ki, bir ölkənin terrorizmə qarşı mübarizə aparmasısəmərəsizdir və uğur əldə etmək mümkün deyil. Beynəlxalq təhdid olan problemə qarşı bütün ölkələr ortaq platformada birləşməlidir. Bunun üçün bütün ölkələri əməkdaşlığa dəvət edirəm”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Türkiyə   FETÖ