Anar Bağırov: “Girovların taleyi bizim üçün çox əhəmiyyətlidir”

 Anar Bağırov:  “Girovların taleyi bizim üçün çox əhəmiyyətlidir”
  17 Dekabr 2018    Oxunub:2176
“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O,bildirib ki, girovların ailə üzvləri ilə mütəmadi əlaqələr saxlanılır: “Girovların taleyi bizim üçün çox əhəmiyyətlidir. Bu, böyük bir qanunsuzluq, haqsızlıqdır. Biz bütün beynəlxalq tədbirlərdə bu mövzunu qaldırırıq, qaldıracağıq da. Hesab edirik ki, öz torpağında, vətənində heç kəs haqsızlıqla qarşılaşmamalıdır. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdır, ikili standartlara yol verməməlidirlər. Yəni başqa bir ölkədə belə bir haqsızlıq baş verərsə, bütün beynəlxalq təşkilatlar bunu diqqət mərkəzində saxlayarlar”.

Kollegiya sədri qeyd edib ki, gecə-gündüz qarayaxma ilə məşğul olanlar qətiyyən bu mövzunu gündəmə gətirmirlər: “Sual olunur, nə üçün? Nəyə görə Azərbaycan xalqını, dövlətini ən çox narahat edən problem bəzi insanların marağında deyil? Məsələ bəsit və sadədir. Həmin o şəxslər xaricdən idarə olunurlar. Təəssüf edirik ki, Azərbaycana qarşı qarayaxma ilə məşğul olan şəxslər qətiyyən bu mövzuya toxunmurlar”.

A.Bağırov, həmçinin deyib ki, girovların dəyişdirilməsi ilə bağlı ermənilərin tutarlı cavabı yoxdur: “Onların məqsədi vaxt uzatmaqdır. Əminəm ki, onlar bütün məsələlərdə bu taktikadan istifadə edirlər. Amma bu, uzun sürə bilməz. Çünki hər şeyin gec-tez sonu olmalıdır. Avropa Məhkəməsi bəzi işlərdə olduğu kimi bu işə də təxirə salmadan baxmalıdır. Onlar ikili standartlara yol verməməli, ədalət bərpa olunmalı, girovlarımız azadlığa buraxılmalıdır”.

Azvision.az


Teqlər: Anar-Bağırov  





Xəbər lenti