“Mən o “mahnı”nı 20 ildir eşidirəm, artıq cavab verməliyik” - Siyavuş Novruzov

   “Mən o “mahnı”nı 20 ildir eşidirəm, artıq cavab verməliyik” -    Siyavuş Novruzov
  18 Dekabr 2018    Oxunub:4428
“Azərbaycanın uğurları artıqdıqca, erməni lobbisi tərəfindən maliyyələşən anti-Azərbaycan qüvvələri ölkəmiz əleyhinə fikirlər söyləyirlər. Biz buna qarşı addım atmadıqca, onlar daha irəli gedir. Onlar açdıqları internet səhifələrində, saytlarında Azərbaycanın dövlət quruculuğunda xüsusi rolu olan şəxslərə, ümummilli liderə qarşı olmazın təhqirlərini səsləndirirlər. Biz niyə susmalıyıq, niyə cavablarını verməməliyik?”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib: "Bəzən deyirlər ki, biz bu cür şəxslərin səviyyəsinə enməməliyik, amma mən o “mahnı”nı 20 ildir eşidirəm. Söz demək istəmirlər, ona görə də bu bəhanəni uydururlar. Həmçinin burada oturan deputatların hər birini təhqir edirlər. Hesab edirəm ki, ölkənin ziyalısı da, alimi də, akademiki də, professoru da bunlara cavab verməlidirlər".

YAP rəsmisi qeyd edib ki, hər kəs öz dövlətini, dövlət başçısını, ümummilli liderini qorumalıdır: "Onlar nə Milli Azadlıq Hərəkatında, nə də ölkəmizin torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak ediblər. Müxtəlif ad altında qaçıb xaricə gediblər. Müxtəlif yerlərdən maliyyələşirlər, Azərbaycanla bağlı təxribat törədirlər. Buradan hüquq-mühafizə orqanlarına səslənirəm, bir aylıq monitorinq aparın, nəticələri o ölkələrin aidiyyatı strukturlarının qarşısına qoyun, sual verin ki, sizin ölkəmizdə dövlət çevrilişinə çağırış olsaydı, dövlət başçısını təhqir etsəydilər, nə edərdiniz? Burada təhqirdən söhbət gedir. Bu kimi hallar baş versəydi, nə edərdiz? Biri məqalə yazır, onu gecə ilə Fransada, Almaniyada həbs edirlər ki, yazısında dövlət əleyhinə çağırışlar var. Azərbaycan əleyhinə bu qədər çağırışlar edirlər, oturublar orada və onları bəsləyirsiz. Hüquq-mühafizə orqanları da İnterpola konkret olaraq sənədlər təqdim etməlidir. Hüquqi-demokratik mübarizədən söhbət gedirsə, gəl, demokratik mübarizə apar. Azərbaycanda kifayət qədər siyasi partiyalar var ki, bu gün fəaliyyət göstərir, qanun çərçivəsində mitinqini keçirir, fikirini də söyləyir. Demokratik mübarizənin yolu budur. Bu məsələ ciddi şəkildə həll olunmalı və yekunlaşmalıdır ki, başqaları da bunlara qoşulmasın. Ona görə də konkret addımlar atılmalıdır. Deputatlardan da xahiş edirəm ki, hər kəs mövqeyini bildirsin. Ölkəni təhqir edirlərsə, bu, bütün millət vəkillərinə təhqirdir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Siyavuş-Novruzov  





Xəbər lenti