Təhsillə bağlı yeni qanun layihəsi 1-ci oxunuşdan keçdi

   Təhsillə bağlı yeni qanun layihəsi 1-ci oxunuşdan keçdi
  18 Dekabr 2018    Oxunub:2080
Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan “Ümumi təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsi 5 fəsil, 33 maddədən ibarətdir.

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etmək, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etmək, onlar arasında münasibəti tənzimləmək və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdır.

Qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Qanun layihəsinin 12-ci (Ümumi təhsil müəssisəsi) maddəsində qeyd olunub ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.
Qanun 13-cü (Ümumi təhsilin təşkili) maddəsinə əsasən, təmayül sinifləri şagirdlərin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Tədris ili ərzində təmayül siniflərində şagird sayının azalması həmin siniflərin fəaliyyətinin davam etdirilməsinə məhdudiyyət yaratmır.

Qanun layihəsinin 17-ci (Ümumi təhsil haqqında dövlət sənədi) maddəsinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəvi attestat veriləcək.

Həmçinin, qanun layihəsinin bu maddəsində qeyd olunub ki, müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vurmayan şəxslərə müəyyən edilmiş qaydada arayış verilir.

Qanun layihəsinin 31-ci (Ümumi təhsil sahəsində sahibkarlıq və innovasiva fəaliyyəti) maddəsinə əsasən, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq və təhsilin prioritetliyini əsas götürməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların, şagirdlərin əl işlərinin satışından və icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.

Dövlət ümumi təhsil müəssisələrinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradır. Ümumi təhsil müəssisəsi sahibkarlıq subyektləri ilə müqavilə əsasında, bu qanuna uyğun olaraq əlavə gəlir əldə edə bilər.

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi daşımır. Əlavə maliyyə vəsaiti cəlb etmək imkanlarının artırılması məqsədilə ümumi təhsil müəssisələrində istehsal edilən məhsulların (xidmətlərin) qanuna uyğun olaraq satışı (göstərilməsi) həyata keçirilə bilər. Ümumi təhsil müəssisəsi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada sərbəst istifadə etmək hüququna malikdir.

Dövlət ümumi təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldilir.

Qanun layihəsi müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Qanun   Layihə  





Xəbər lenti