Jurnalistlər sınaq laboratoriyasında olublar

   Jurnalistlər sınaq laboratoriyasında olublar
  21 Dekabr 2018    Oxunub:3205
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təşkilatçılığı ilə jurnalistlərin üçün cənub bölgəsinə media-turu təşkil edilib.
Lənkəran şəhərində yerləşən Lənkəran Regional Sınaq Laboratoriyasına səfərin məqsədi Agentliyin müxtəlif regionlarda yerləşən sınaq laboratoriyalarının fəaliyyəti və həmin laboratoriyaların iş prinsipi ilə bağlı media nümayəndələrini məlumatlandırmaqdır.

Azvision.az xəbər verir ki, səfər çərçivəsində ilk olaraq Lənkəran şəhərində yerləşən pomidor istixanasından nümunələrin götürülməsi prosesi izlənilib.

AQTA-nın regional bölməsinin əməkdaşı nümunələri götürdükdən sonra AQTİ-nin Lənkəran regional sınaq laboratoriyasına təqdim edilməsi izlənilib.

Daha sonra AQTİ-nin regional sınaq laboratoriyasının iş prinsipləri ilə tanışlıq olub. AQTİ-nin mütəxəssisi İlahə Əliyeva bildirib ki, Lənkəran Regional Sınaq Laboratoriyasının təyinatı üç istiqamət üzrə qurulub. "Heyvan mənşəli xəstəliklərin ekspertizası, bitki mənşəli xəstəliklərin ekspertizası, bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası həyata keçirilir. Laboratoriyada 27 laborator baxış otağı var. Burada gündəlik 300 sınaq aparmaq mümkündür.

Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcüddur".



Bir sıra şöbələr haqqında məlumat verən İ.Əliyeva qeyd edib ki, molekulyar biologiya və GMO – nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda ət və ət məhsullarında mənşə təyini həyata keçirilir.

"Mikrobiologiya şöbəsində qida məhsullarında bakterioloji çirklənmə, eyni zamanda qarayara, bruselyoz, vərəm kimi bakterial mənşəli heyvan xəstəliklərinin ekspertizası həyata keçirilir. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlar ilə təchiz edilib. Virusologiya şöbəsində quduzluq, çiçək, dabaq, quş qripi kimi heyvan mənşəli virusoloji xəstəliklərin molekulyar səviyyədə diaqnostikası həyata keçirilir. Heyvan mənşəli məhsullarda parazitar xəstəliklər törədicilərinin təyini parazitologiya şöbəsində aparılır.Karantin ekspertiza şöbəsində bitkiçilik məhsullarında zərərverici orqanizmlərin diaqnostikası və təyini həyata keçirilir".



Bildirilib ki, qeyd olunan müayinələr Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş və uğurla tamamlamış 18 nəfərlik işçi heyəti tərəfindən aparılır.

"Laboratoriyada nümunələr 3 istiqamətdə daxil olur: sahibkarlar, vətəndaşlar tərəfindən könüllü və şikayət əsaslı nümunələr. Qida məhsullarından götürülən nümunələr məxfiliyin qorunması prinsipi əsas götürülərək kodlaşdırılır, daha sonra təyinatı üzrə müvafiq laborator analizlər aparılması məqsədi ilə müayinələrə cəlb edilir. Nəticələr eyni kod altında AQTA-nın vahid elektron sisteminə daxil olur və şəffaf şəkildə izlənilir. Şikayət əsasında götürülən nümunələr dövlət vəsaiti hesabına ödənilir, sahibkar və fərdi şəxslərdən olan müraciətlər də isə rüsum ödənilir ".

AQTA-nın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, istehsal müəssisələrindən götürülən nümunələrdə nöqsan aşkarlanarsa, onların aradan qaldırılması üçün sahibkarlara metodiki tövsiyyələr verilir və qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.

"İstehsalçılara məhsulun keyfiyyətini artırmaq istiqamətində tövsiyyələr veririk. Əgər hər hansı məhsul qida təhlükəsizliyi baxımından uyğunsuzluq olarsa, satış şəbəkəsinə daxil olmasına icazə verilmir".











Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti