5 ildə ali təhsil sistemində nə dəyişdi?

  24 Dekabr 2018    Oxunub : 1381
 5 ildə ali təhsil sistemində nə dəyişdi?
Son 5 ildə Nazirlər Kabinetinin qərarlarına əsasən, 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə verilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 2013-2018-ci illərdə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb.

Cari ildə 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib ki, bu da 2013-cü ilə nisbətən təxminən 2 dəfə artım deməkdir. Son 5 il ərzində qəbul olunan tələbələrin sayında 20.8 faiz artım olub, bu göstərici cari ildə 41 min nəfər təşkil edib.

Ölkə başçısı tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Dövlət Proqramının birinci istiqaməti çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulur.

Proqramın ikinci istiqaməti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir.

2015-сi ildə ikili diplom almaq imkanı verən Azərbaycan - Fransız Universiteti (UFAZ) yaradılıb.

2014-cü ildən ali təhsil sahəsində SABAH layihəsinin həyata keçirilməsinə başlanılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 39 ixtisas və 2300-dən artıq tələbəni əhatə edir.

Son 2 ildə SABAH qruplarını 1572 məzun bitirib, onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura səviyyəsində uğurla davam etdirir. Qalan hissəsi isə ixtisasları üzrə əmək fəaliyyətinə başlayıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər dünyanın nüfuzlu universitetlərində təhsil almaq üçün təqaüd qazanıb.

Hazırda ümumilikdə 535 nəfər azərbaycanlı tələbə ayrı-ayrı ölkələrlə imzalanmış hökumətlərarası sazişlərə əsasən ayrılmış kvotaya uyğun olaraq müvafiq ölkələrin büdcəsi hesabına təhsil alır.

2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə təhsil alan əcnəbi tələbələrin sayı 86 ölkədən olmaqla 6000 nəfərdən çox təşkil edib, bu isə əvvəlki illə müqayisədə 17 faiz artım deməkdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   alitəhsil