“Qatar keçərkən şlaqbaum açıq ola bilər” - Şöbə müdiri

“Qatar keçərkən şlaqbaum açıq ola bilər” -  Şöbə müdiri
  24 Dekabr 2018    Oxunub:4534
“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Binə qəsəbəsində qatar yolunda hərəkət zamanı şlaqbaumun açıq olmasına münasibət bildirib.
Qurum rəsmisi Azvision.az -a açıqlamasında iddia edib ki, internetdə yayılan video indi çəkilməyib: “Bu video bir müddət əvvəl yenidən gündəmə gətirilmişdi. Videoda əynində jilet olan nəzarətçinin əlində bayraqla hərəkəti tənzimlədiyi açıq görsənir. Burada qanun pozuntusu yoxdur. Çünki nizamnamədə göstərilir ki, şlaqbaum açıq ola bilər. Bu halda hərəkət digər iştirakçılarla tənzimlənir. Videoda zəngin səsi açıq eşidilir, işıqfor işləyir və nəzarətçi də hərəkəti tənzimləyir. Şlaqbaum texniki səbəblərdən işləməyə bilər”.

Şöbə rəisi, həmçinin qeyd edib ki, həmin keçid növbətçisi hazırda məzuniyyətdədir.

S.Qədirovadan fərqli olaraq, sakinlər videogörüntünün bir neçə gün əvvəl lentə alındığını deyirlər. Onların sözlərinə görə, səhər saatlarında qatar qəsəbə ərazisindən keçərkən şlaqbaum açıq olub.

"Şlaqbaum açıq idi. Qatarın gəldiyini görən sürücülərdən biri maşından düşərək yolu bağladı. Yalnız bundan sonra hərəkət dayandı və qatar keçdi. Yəni sürücülər mümkün faciənin qarşısını aldılar", - Binə sakinləri deyiblər.





Aytən Zəhra
Azvision.az



Teqlər: Binə   Qatar  





Xəbər lenti