Məmurlarla jurnalistlər futbol oynadılar - FOTOLAR

  24 Dekabr 2018    Oxunub : 2932
 Məmurlarla jurnalistlər futbol oynadılar - FOTOLAR
Bu gün - dekabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında Dünya Azərbaycanlıların Həmrəylik günü və Yeni ilə həsr olunmuş futbol matçı keçirilib.
Azvision.az xəbər verir ki, komitənin əməkdaşları ilə ilk dəfə keçirilən yoldaşlıq oyunu “ASK Arena” stadionunda baş tutub.

Gərgin idman mübarizəsi şəraitində keçən oyun 6:6 hesabı ilə başa çatıb. Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatlarından ibarət olan komandanın heyətindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və digərləri qol vurub.

Jurnalistlərdən ibarət komandadan isə Anar Kəlbiyev , Aqil Aslan, Tural Məmmədli və Nurani İsgəndərov 3 dəfə rəqib komandanın qapısına yol tapa bilib.



Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oyundan sonra jurnalistlərə bildirib ki, bu gün -24 dekabr Prezident İlham Əliyevin ad günüdür: "Gözəl əhval-ruhiyyə var. Milli Məclisin Gənclər və İdman Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Parlament Jurnalistləri Birliyinin, “Neftçi” veteranlar kulubunun nümayəndələri, jurnalistlər bu gün bura yığışmışıq ki, bir dostluq görüşü həyata keçirək. Gördüyünüz kimi, çox yaxşı mehribançılıq var, münasibət var. Ümumiyyətcə Azərbaycanda idmanın inkişafı çox yüksək səviyyədədir. Biz çox şadıq ki, bizim jurnalistlərimiz, veteranlarımız, dövlət qulluqçularımız, diaspor komistəsinin də bütün tərkibi burda iştirak edir. Futbol meydançasında bizi izləyirlər. Son 20 ilə yaxın həyata keçirilən islahatlar, xüsusilədə son 15 ildə həyata keçirilən islahatlar birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır. Düşündük ki, bu günləri həm Dünya Azərbaycanlıların Həmrəylik Günü, həm də Yeni il ərəfəsidir. Qabaqdan bizim böyük uğurlarımız gəlir”.



Komitə sədri bildirib ki, yaxın zamanlarda cənab Prezidentin başçılığı altında belə oyunları Şuşada, Laçında, Kəlbəcərdə, Dağlıq Qarabağda həyata keçirəciyik: “Hamımız birlikdə bu gözəl bayramları orada qeyd edəcəyik. Bir daha böyük diqqətə görə, ictimaiyyətə, jurnaslistlərimizə, veteranlarımıza təşəkkürümü bildirmək istəyirəm. İdman həmişə sağlamlıqdır, idman gələcəkdir, inkişafdır. Birgə gözəl idman tədbirini həyata keçirmək bir daha onu göstərir ki, Azərbaycan xalqı bütöv, monolitdir, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlarda hər zaman bizim xalqımız tərəfindən çox böyük rəğbətlə qarşılanır. Bu işlərdə də bizim hər birimiz nə bacarırıqsa eləməliyik və təbii ki, bunu mütləq şəkildə eləyəcəyik”.



Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib ki, Prezident İlham Əliyev hər zaman ad günlərini sadə insanlar arasında keçirib: "Biz də sadə bir yolla Prezidentimizi təbrik etmək istədik. Onun Azərbaycanın inkişafı naminə gələcək işlərində uğurlar arzulayırıq. Bununla həm də bildirmək istəyirik ki, jurnalist olaraq hər zaman Prezidentimizin yanındayıq".

Oyunun nəticələri haqqında danışan E.Eyvazlı deyib ki, AFFA-nın hakiminin idarə etdiyi qarşılaşma yüksək səviyyədə keçib: “Olduqca maraqlı bir oyun izlədik. Düşünürəm ki, hər iki komanda izləyənlər üçün maraqlı oyun sərgiləyə bildi”.



Milli Məclisin gənclər və idman komitəsinin sədri Ülvi Quliyev jurnalistlərə bildirib ki, ənənəvi olaraq biz hər zaman belə futbol yarışları təşkil edirik. Bu gündə dövlət qulluqçuları və jurnalistlər arasında dostluq görüşü keçirilir. Bu dostluq görüşünün əsas məqsədi gəncləri sağlam həyat tərzinə çağırışdır: “Bilirsiniz ki, ölkə başçısı İlham Əliyev hər zaman idmana, gənclər siyasətinə xüsusi diqqət ayırır, önəm verir. Ölkəmizin başçısı hər zaman qeyd edir ki, Azərbaycan gənclərinin sağlam, bilikli, savadlı, peşəkar olması bizim əsas məqsədlərimizdəndir. Ölkəmizdə bu istiqamətdə də çox böyük işlər görülür, dövlət səviyyəsində tədbirlər keçirilir. Biz hər zaman ölkəmizin başçısının siyasətini dəstəkləyirik. Bu gündə o dəstəyi nümayiş etdirərək gənclərimizə sağlam həyat tərzinə dəvət edirik”.







Anar Kəlbiyev
FOTO: Şahin Sərdarov

Azvision.az

Teqlər: Komitə   Futbol