Ədliyyə naziri geniş müşavirə keçirib

Ədliyyə naziri geniş müşavirə keçirib
  26 Dekabr 2018    Oxunub:1949
Bu gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin yeni təyin edilmiş sədr müavinləri və kollegiya sədrlərinin, bu məhkəmələrin yurisdiksiyasına daxil olan və digər birinci instansiya məhkəmələri sədrlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş müşavirə keçirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamızın hərtərəfli sürətli tərəqqisini və əldə olunan yüksək nailiyyətləri qeyd edib, məhkəmə-hüquq islahatlarından və yeniliklərdən bəhs edib, bu ərəfədə dövlət başçısının Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını etməsinin məhkəmə hakimiyyətinə verilən böyük önəmin növbəti təzahürü olduğunu vurğulayıb.

Müşavirədə həmçinin son illər ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən məqsədyönlü tədbirlər qeyd edilib, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.

Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik və digər nöqsanlara yol verilməsi, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftar edilməsi qeyd olunub, belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.

Bununla bağlı qarşıda duran vəzifələr, o cümlədən etik davranış qaydalarına dönmədən əməl edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi diqqətə çatdırılıb, apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək məhkəmə sistemi müasirləşdirilir, qanunvericilik təkmilləşdirilir, məhkəmə hakimiyyətinin müstəqilliyi gücləndirilir və özünüidarə səlahiyyətləri ilbəil genişləndirilir. Ölkə Prezidentinin dekabrın 21-də imzaladığı sərəncamlarla 200-dən çox hakim barədə müvafiq təyinatlar aparılaraq hakim korpusu yeni nəsil hüquqşünaslarla möhkəmləndirilib. Mövcud vakansiyaların tam əksəriyyəti komplektləşdirilməklə hakimlərin iş yükü xeyli azaldılıb, işlərə daha keyfiyyətlə və vaxtında baxılmasına şərait yaranıb.

Azvision.az


Teqlər: Ədliyyə-Nazirliyi   Müşavirə  





Xəbər lenti