San Dieqoda 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilib

 San Dieqoda 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilib
  26 Dekabr 2018    Oxunub:2620
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 31 dekabr 2018-ci il tarixini “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Azvision.az -a verilən məlumata görə, bununla bağlı şəhər meri Kevin Falkoner müvafiq bəyannamə imzalayıb.
Baş Konsulluğa göndərilən bəyannamədə Azərbaycan xalqının 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanıb.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu diqqətə çatdırılıb. Sənəddə Azərbaycanda qədim dövrlərdən bəri müsəlman, xristian və yəhudilərin birgə sülh şəraitində yaşadıqları qeyd olunub.

Bəyannamədə həmçinin bildirilib ki, San Dieqo və Bakı şəhərləri 2011-ci ildə tərəfdaşlıq münasibətləri yaradıblar və hər iki şəhərin əhalisi bu münasibətlərdən uğurlu şəkildə faydalanıblar. Sənəddə San Dieqoda yaşayan Azərbaycan icmasının şəhərin mədəni müxtəlifliyi, zəngiliyi və iqtisadi inkişafına fəal şəkildə töhfə verdiyi vurğulanaraq, 31 dekabr tarixinin San Dieqoda yaşayan minlərlə azərbaycanlı da daxil olmaqla, bütün dünyada yaşayan 50 milyon azərbaycanlı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edildiyi bildirilib.

Bəyannamənin sonunda San Dieqo şəhərinin meri K.Falkoner şəhər sakinləri adından 31 dekabr 2018-ci il tarixini sözügedən şəhərdə “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edib. Oxşar bəyannamə San Dieqo Vilayətinin Nəzarətçilər Şurası tərəfindən də qəbul olunub. Qeyd edək ki, 1.4 milyon insanın yaşadığı San Dieqo şəhəri Kaliforniya ştatının ikinci, ABŞ-ın isə səkkizinci ən böyük şəhəridir.



Azvision.az


Teqlər: ABŞ   Azərbaycan  





Xəbər lenti