“Erməni icması ilə konstruktiv dialoqa hazırıq” - Tural Gəncəliyev

 “Erməni icması ilə konstruktiv dialoqa hazırıq” -    Tural Gəncəliyev
  26 Dekabr 2018    Oxunub:2470
"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların uzun illərdir davam etməsinə baxmayaraq, Azərbaycan tərəfindən pozitiv ismarıclar göndərilsə də, əfsuslar olsun ki, buna Ermənistan tərəfindən həmişə mənfi reaksiya bildirilib"
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış və özünü qanunsuz rejimin başçısının qondarma mətbuat katibi kimi təqdim edən David Babayanın son şərhi ilə bağlı açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, münaqişə nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan artıq qaçqın və məcburi köçkünlər, o cümlədən 80 mindən artıq Dağlıq Qarabağ azərbaycanlıları öz doğma yurdlarından didərgin düşüb:

"BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını və bu torpaqlardan zorla qovulmuş insanların öz evlərinə geri qayıtmasını tələb edir.

Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq. Münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün vaxt çoxdan yetişib. Bölgənin sülh və sabitliyi, gələcək dayanıqlı inkişaf yalnız bu yoldan keçir".

T.Gəncəliyev qeyd edib ki, Azərbaycan torpaqlarının davam edən işğalı siyasəti Ermənistanı regionda həyata keçirilən layihələrdən kənarlaşdırıb və ilk növbədə, Dağlıq Qarabağdakı aqressiv separatçıların Ermənistanı və erməni əhalisini girov saxlaması üçün şərait yaradıb.

"Dağlıq Qarabağın Azərbaycanlı icması inanır ki, bu əsarət uzun çəkməyəcək və hər iki icmanın yenidən birgə yaşayışı nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin sülh və təhlükəsizlik şəraitində davamlı inkişafı təmin olunacaq".

Azvision.az


Teqlər: Tural-Gəncəliyev  





Xəbər lenti