Çikaqoda Azərbaycanla bağlı bəyannamə qəbul edildi
Sənəddə bildirilir ki, Həmrəylik Günü Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən ölkəmizin bütün dünyada yaşayan azərbaycanlılarla güclü bağlarını qeyd etməsi üçün elan edilib.
Dünyada 50 milyon Azərbaycanlının yaşadığı qeyd olunan bəyannamədə ölkəmizin ABŞ-ın müttəfiqi və tərəfdaşı olması, Çikaqoda yaşayan Azərbaycan icmasının bu şəhərin müxtəliflik, mədəniyyətlərarası anlaşma və rifahına töhvə verməsi alqışlanır, 2015-ci ildə bu icma tərəfindən yaradılan ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin ABŞ-Azərbaycan münasibətlərinin güclənməsinə xidmət etməsi təqdir olunur.
Çikaqo meri bütün çikaqoluları Azərbaycanın Həmrəylik Günü və mədəniyyətlərarası əlaqələri qeyd etmək üçün Azərbaycan icmasına qoşulmağa dəvət edir.
Xatırladaq ki, Çikaqo meri tərəfindən sözügedən bəyannamə ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzinə təqdim edilib.
Azvision.az