Bayramda su və qaz problemi olmayacaq

Bayramda su və qaz problemi olmayacaq
  28 Dekabr 2018    Oxunub:1662
SOCAR-in “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə dekabrın 29-dan yanvarın 3-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Azəriqaz”dan Azvision.az -a verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində və Regional Qaz İstismar İdarələrində, həmçinin xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

“Azəriqaz”ın “185” və “104” Çağrı Mərkəzlərinə daxil olacaq vətəndaş müraciətlərinin icrasının təmin edilməsi ilə əlaqədar, sutkada 24 saat fəaliyyət göstərən “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, abonentlərin fasiləsiz olaraq təbii qazla təmin edilməsi məqsədi ilə qaz sayğaclarında mümkün ola biləcək istənilən texniki nasazlıqlar nəticəsində onların yeni smart tipli sayğaclarla əvəz olunmasından sonra, yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və abonentlərə “ASAN Kommunal” standartlarına uyğun xidmətlərin göstərilməsi 2018-cı il dekabr ayının 30-dan, 03-yanvar 2019-cu il tarixinədək həyata keçiriləcək.

Bundan başqa “Azərsu” ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla əlaqədar səhmdar cəmiyyətinin aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək. İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Azvision.az


Teqlər: Azərsu   Azəriqaz  





Xəbər lenti