“Azərişıq”a “ASAN xidmət” vasitəsilə rekord sayda müraciət daxil olub

“Azərişıq”a “ASAN xidmət” vasitəsilə rekord sayda müraciət daxil olub
  28 Dekabr 2018    Oxunub:2568
Dekabr ayının 25-də Cənab Prezident İlham Əliyevin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərman imzalaması sahibkarlığın inkişafının stimullaşdırılması, biznes və investisiya mühitinin əlverişliliyinin artırılması istiqamətində olduqca vacib addımdır.
Azvision.az xəbər verir ki, fərmana əsasən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 3-dən 2-yə, qoşulma müddəti isə 24 gündən 20 günə endirilib. Yeni fərmandan sonra sahibkar “ASAN xidmət” Mərkəzinə müraciət edən kimi yerindəcə “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən obyektin yeri və əlaqədar orqanların nümayəndələri ilə trassa müəyyənləşdiriləcək və sahibkar qısa bir zaman ərzində vahid tariflə kVt-a uyğun ödənişini edib gedəcək. Beləliklə sahibkarla təmas birinci dəfə ASAN Xidmətə gələndə, ikinci dəfə isə 20 gündən sonra obyektə elektrik enerjisi verilmə anında olur. Bu fərmanın imzalanması sahibkarların işini asanlaşdırmaqla yanaşı 2018-ci ildə ASAN xidmət vasitəsi ilə “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərə xüsusi töhvə verib.

Ümumilikdə isə 2018-ci ildə həm əhali, həm də qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Nazirlər Kabineti tərəfindən qərarlar verilərək vahid tarif müəyyənləşdirilib və dərhal tətbiqinə başlanılıb. Əvvəlki tariflərlə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, həm məişət abonentlərinin, həm də sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb. Tariflər siyahısı həm Azərişıq ASC-nin “azerishiq.az” rəsmi saytında, həm “Azərişıq ASC” adlı facebook və “azerishiq.az” adlı instagram səhifələrində y
erləşdirilib.

Bununla yanaşı 2018-ci ilin arxada qalan ayları ərzində “Azərişıq” ASC-nin “ASAN” brendi vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Mart ayında “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə “yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb. Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və məişət abonentlərinin müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, 2018-ci ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində müraciətlər qəbul edilib.

2018-ci ilin arxada qalan dövrü ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsi ilə rekord sayda müraciət daxil olub. Belə ki, 2017-ci ildə 140 min müraciət daxil olduğu halda 2018-ci ildə 203 min müraciət daxil olub. Müraciətlərdən 3 minə qədəri obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkarlar tərəfindən edilib. Evinə bağına və ya həyətinə elektrik enerjisi çəkdirmək üçün müraciət edənlərin sayı isə 40 minə yaxın olub. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin əksəriyyəti icra olunub.

Azvision.az



Teqlər:





Xəbər lenti