“Elə həkimlər var ki, 5-6 min manat maaş alır” - Zaur Əliyev

  28 Dekabr 2018    Oxunub : 4829
 “Elə həkimlər var ki, 5-6 min manat maaş alır” - Zaur Əliyev
“Azərbaycanın 3 rayonunda pilot layihələr həyata keçirilir. Bunlar Mingəçevir, Yevlax və Ağdaş rayonlarıdır. Əsas məqsədimiz əhaliyə əlçatımlılığı təmin etmək və xəstəxanaların maliyyələşmə mexanizmini dəyişməkdir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı Azərbaycan İcbari Tibbi Sığorta Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, əvvəllər xəstəxanalar çarpayı və həkimlərin sayına görə maliyyələşirdi: “Pilot layihələr həyata keçirdiyimiz ərazilərdə maliyyələşməni tamamilə dəyişdik, onların göstərdiyi xidmətə görə maliyyələşməni təmin etdik. Layihə həyata keçirilən ərazilərdə həkimlərin və tibb işçilərinin əmək haqlarında dəyişiklik etdik".

Z.Əliyev qeyd edib ki, pilot layihə olduğu üçün müvəqqəti olaraq baza əmək haqları üzərinə göstərdikləri xidmətlərə görə həkimlərə müəyyən bonuslar hesablanıb: “Artıq onların əmək haqqında kifayət qədər yüksəlmə oldu. Pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alırlar. Orta tibb işçilərinin əmək haqqında da kifayət qədər yüksəlmə olub. Göstərilən tibbi xidmətlərə gəldikdə isə əməliyyat xidmətlərinin sayı 52 faiz artıb. Bilirsiniz ki, ölkədə ölümlər daha çox ürək-damar xəstəlikləri ilə bağlıdır. Layihə keçirdiyimiz ərazilərdə ölüm sayı azalıb”- Dövlət agentliyinin direktoru qeyd edib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Zaur-Əliyev   Sığorta   Agentlik