QİÇS və sifilisə yoluxanların sayı açıqlanıb

  28 Dekabr 2018    Oxunub : 930
 QİÇS və sifilisə yoluxanların sayı açıqlanıb
Bu il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunub. Onların arasında 3842 talassemiya daşıyıcısı, 152 qazanılmış immunçatışmazlığı sindromu, 350 sifilis xəstəliyi aşkar edilib.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclasında Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov deyib. Onun sözlərinə görə, müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb. Nəticədə 16 sağlam, 27 daşıyıcı, 12 xəstə döl aşkarlanıb.

Ümumilikdə, xəstəlik müəyyən edilən 12 halda hamiləliyin pozulması qadınlara məsləhət görülmüş və həyata keçirilib. Qeyd olunub ki, hazırda respublikada 1621 hemofiliyalı xəstə qeydiyyatdadır:

"Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub".

Azvision.az

Teqlər: QİÇS   Siflis