İTV yeni ildən fərqli formatda - Rebrendinq edəcək

İTV yeni ildən fərqli formatda - Rebrendinq edəcək
  28 Dekabr 2018    Oxunub:4645
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni ildən etibarən Azərbaycan tamaşaçısını tamam fərqli formatda salamlayacaq.
Şirkətin mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, günə ilk başlayan “Sabahın xeyir, Azərbaycan!” və “Dikdaban” səhər proqramları 31-dekabra həsr edilən xüsusi bayram buraxılışı ilə efirdə olacaq. Səhər proqramları həmçinin bayram günlərində biri-birindən maraqlı süjetləri ilə öz efirini davam etdirəcək.

Bayram günlərinə olan musiqi töhfəsi aşıq, muğam və xalq mahnılarından ibarət konsert proqramları ilə də davam edəcəkdir, İctimai Televiziya həmçinin xüsusi yayım hüququna sahib olduğu konsertlərin də efirdə yayımını davam etdirəcək. Belə ki, sevilən müğənni Emin Ağalarovun “Bumeranq” adlanan son konserti eksklüziv yayımı ilə İTV tamaşaçılarının bayram əhvalına daha da xoş ovqat qatacaq.

Teleradionun yaradıcı kollektivi bayram günlərində balaca tamaşaçılarını da sevindirməyə davam edəcək. Belə ki, uşaqların öz iştirakı ilə musiqili proqramlar, yeni il mövzusunda uşaqların sevdikləri cizgi və bədii filmlər balacaların seyrinə təqdim ediləcək. Bundan başqa eksklüziv yayım kimi bayram günlərində - Azərbaycan Gimnastika Federasiyasının təşkil etdiyi yeni il şousu - “Ağbəniz və 7 cırtdan” nağılı da İTV-nin efirində yayımlanacaq.
Televiziya bayram günlərində kinosevərlərə məşhur Azərbaycan kinoları və qış mövzusunda olan maraqlı xarici filmləri də təqdim edəcək.

Bundan başqa tamaşaçılar bayram axşamı İctimai Televiziya və Radio Yayımları Şirkətinin yeni istehsalı olan “Oxşarabad” adlı komediya janrında bədii film izləyəcəklər. Film Azərbaycanın bölgələrində “Yeni il” ərəfəsində incəsənət nümayəndələrinin iştirakı ilə baş verən əyləncəli macəradan bəhs edir. Tamaşaçılar “Oxşarabad” filmini izlədikdən sonra filmdə rol alan şou nümayəndələrinin iştirakı ilə konsert proqramını izləyəcəklər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin ən əsas və möhtəşəm hədiyyəsi bayram gecəsi reallaşacaq. Belə ki, Prezident İlham Əliyevin 31-dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” ilə bağlı təbrik nitqindən sonra İTV-də olduqca vacib hadisə baş verəcək. Teleradio gecə saat 0:00-da rebrendinq edərək tamamilə yenilənmiş siması və təzə loqosu ilə, eləcə də ən sevilən verilişləri, eksklüziv yayımları ilə yeni mövsümünə start vermiş olacaq. Bununla da İctimai Televiziya və Radio Yayımları Şirkəti, həmçinin İTV tamaşaçıları 2019-cu ili yeni format və sima ilə qarşılayacaq.

Azvision.az


Teqlər: İTV  





Xəbər lenti