Qətərdə Azərbaycan diaspor təşkilatı təsis edildi

Qətərdə Azərbaycan diaspor təşkilatı təsis edildi
  30 Dekabr 2018    Oxunub:1711
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan Respublikasının Qətər dövlətindəki Səfirliyində tədbir keçirilib.
Azvision.az xəbər verir ki, Qətərdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra səfir Rəşad İmayılov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqına müraciətini və təbrikini iştirakçıların diqqətinə çatdırıb.

Səfir Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixi və ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində görülən işlərdən, bu sahəyə dövlət qayğısından bəhs edib. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edildiyini bildirən səfir, həmin günün bütün azərbaycanlılar tərəfindən birlik və həmrəylik bayramı kimi hər il böyük təntənə, sevinc və qürurla keçirildiyini nəzərə çatdırıb.

Həmçinin, tədbirdə Qətərdə yaşayan azərbaycanlıların təşkilatlanması və onların dövlətimizin ümumi maraqları ətrafında sıx birləşməsi təşəbbüsü gündəmə gətirilib. Qətərdə Azərbaycan diaspor təşkilatının təsis edilməsi qərara alınıb. Azərbaycanın maraqlarının qorunması, təbliğ edilməsi, ölkəmiz barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması və Azərbaycan-Qətər dostluq əlaqələrinin inkişafı təşkilatın əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Tədbir Azərbaycan musiqilərinin səsləndirilməsi ilə davam etdirilib.

Azvision.az


Teqlər: Qətər  





Xəbər lenti