“Qaçqınkom” yanında İctimai Şura Sumqayıtda

“Qaçqınkom” yanında İctimai Şura Sumqayıtda
  31 Dekabr 2018    Oxunub:2992
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri Sumqayıtda olublar.
Bu barədə Şuranın sədri Elşad Eyvazlı məlumat verib. O qeyd edib ki, Şura üzvləri Sumqayıtda Şəhidlər xiyabanını ziyarət ediblər:

“Tədbirdə Şura üzvləri ilə yanaşı Sumqayıtın ictimaiyyət nümayəndələri və jurnalistlər də iştirak etdi. Daha sonra İctimai Şuranın üzvləri Sumqayıtda məskunlaşan məcburi köçkün ailələrinin yaşadığı 10-dək yaşayış massivində oldular. Məcburi köçkünlərlə görüşdə məqsəd Dövlət Komitəsindəki son struktur islahatları barədə onları məlumatlandırmaq və problemlərinin rəhbərlik tərəfindən daim diqqətdə saxlandığını nəzərə çatdırmaq idi.

Bildirdik ki, belə görüşlər mütəmadi olacaq. İctimai Şura yeni fəaliyyətə başlayıb. Şuranın əsas missiyası Dövlət Komitəsinin rəhbərliyinin yanaşmalarını məcburi köçkünlərə, eyni zamanda köçkünlərin problemlərini Dövlət Komitəsinin rəhbərliyinə çatdırmaqdır”.

E.Eyvazlının sözlərinə görə, Komitə rəhbərliyi İctimai Şura üzvlərinin məcburi köçkünlərlə birbaşa görüşməsi üçün imkan yaradıb: “Bu, bir daha onu göstərir ki, Dövlət Komitəsinin yeni rəhbərliyi bütün məsələlərdə şəffaflığa üstünlük verir. Köçkünlərlə görüşdə şahidi olduq ki, onların da “Qaçqınkom”un yeni rəhbərliyinə böyük inamı var. Məcburi köçkünlər ölkə Prezidenti cənab İlham Əliyevi dəstəkləyir və onun rəhbərliyi ilə Ermənistanın işğalı altında olan öz ata-baba yurdlarına gedəcəklərinə əmindirlər. Məcburi köçkünlər Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın onlara olan diqqət və qayğısından da çox məmnundurlar”.

Şura sədri bildirib ki, məcburi köçkünlərlə görüşdən sonra Dövlət Komitəsinin sədri Rövşən Rzayev onları qəbul edib.

Şura üzvləri Sumqayıtda məcburi köçkünlərlə keçirdikləri görüş barədə sədrə geniş məlumat verib və bu barədə müzakirə aparılıb.

E.Eyvazlı sonda onu da qeyd edib ki, 2019-cu ildən İctimai Şura geniş miqyasda və fərqli istiqamətlərdə fəaliyyət göstərəcək.

Azvision.az


Teqlər:





Xəbər lenti