Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir

      Dünya azərbaycanlıları Həmrəylik Gününü qeyd edir
  31 Dekabr 2018    Oxunub:4921
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunur.
Azvision.az xəbər verir ki, bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur.

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşüb. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar.

Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranıb.

SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırıb. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirib. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib.

Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.

Azvision.az


Teqlər:





Xəbər lenti