Səfirimiz etimadnaməsini Butan kralına təqdim edib

Səfirimiz etimadnaməsini Butan kralına təqdim edib
  07 Yanvar 2019    Oxunub:1764
Azərbaycanın Butan Krallığında akkreditə olunmuş səfiri Əşrəf Şıxaliyev etimadnaməsini Kral Ciqme Khesar Namqal Vanqçuka təqdim edib.
Səfirlikdən Azvision.az -a bildiriblər ki, səfir Ə.Şıxaliyev, həmçinin ölkənin Baş naziri, xarici işlər naziri, Milli Assambleyanın sədri, Ümummilli Xoşbəxtlik Komissiyasının və Turizm Şurasının rəhbərləri ilə də görüşüb.

Görüşlər zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb və bu xüsusda Azərbaycanın sədrliyi ilə cari ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti sammitində Butanın Baş nəzirinin rəhbərliyi altında nümayəndə heyətinin iştirakının vacibliyi qeyd edilib.

Azərbaycan səfiri Butan hökumətinin vətəndaşlarının rifah və xoşbəxtliyinin yüksəlməsinə yönəlmiş siyasətini yüksək qiymətləndirərək, Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkəmizdə yaradılmış “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, “ASAN xidmət” vətəndaşlara sürətli, keyfiyyətli və şəffaf şəkildə xidmət göstərərək, onların rahatlığını əsas məqsəd kimi görür. Səfir ölkəmizin “ASAN xidmət” təcrübəsinin Butan ilə bölüşməyə hazır olduğunu diqqətə çatdırıb. Təklif maraqla qarşılanıb.

Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, informasiya-kommunikasiya texnologiyaları və turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Butan rəsmiləri Azərbaycan ilə bu istiqamətlər üzrə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Azvision.az


Teqlər: Azərbaycan   Butan  





Xəbər lenti