"Qaçqınkom" sədri vətəndaşları qəbul edib

  08 Yanvar 2019    Oxunub : 1367
"Qaçqınkom" sədri vətəndaşları qəbul edib
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib.
Komitədən Azvision.az -a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirləri və departament direktorları vətəndaşları qəbul ediblər.

Qəbula gələnlərin əksəriyyəti, həmişəki kimi, əsasən məcburi köçkün vətəndaşlar olublar. Onlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məcburi köçkün statusunun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Vətəndaşlara bildirilib ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır. Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların normal şəraitlə təmin edilməsini mühüm vəzifə kimi qarşıya qoyub. İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb. Bu məqsədlə yeni yaşayış komplekslərinin tikintisi davam etdirilir. Həyata keçirilən tədbirlər onu göstərir ki, heç bir məcburi köçkün ailəsi dövlətin diqqət və qayğısından kənarda qalmayacaq.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın Bakı və Sumqayıtda ən ağır şəraitdə, qəza vəziyyətində olan bina və tikililərdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrası uğurla davam etdirilir. Yeni ildə də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb.

Məcburi köçkünlərin müraciətlərində qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Azvision.az

Teqlər: Rövşən-Rzayev   Vətəndaş   Qəbul