Dörd gündə 70 kiloqram narkotik aşkar edilib

 Dörd gündə 70 kiloqram narkotik aşkar edilib
  09 Yanvar 2019    Oxunub:1491
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) yaydığı rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvarın 5-də ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Belə ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş Şahin Əliyevdən 14 qramdan artıq marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 22,5 kiloqrama yaxən marixuana götürülüb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları Kimyaçılar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Ramazanovdan 480 qram marixuana, Sabunçu RPİ 13-cü Polis Bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sərdar Valeyevdən 451 qramdan çox heroin, Quba RPŞ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Şəfiyevin üzərindən və Zizik kəndindəki evindən 442 qram marixuana, Yevlax RPŞ-nin əməkdaşları şəhər sakinləri Kamran Məmmədovdan 430 qramdan artıq, əvvəllər məhkum olunmuş Sahib Mahmudovdan isə 425 qram marixuana götürüblər.

Yanvarın 6-da ümumi çəkisi 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. Belə ki, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərək kənd sakini Rüfət İsmayılovun evindən 6,3 kiloqrama yaxın həşiş, 57 qram marixuana və 10 qramdan artıq metamfetamin, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətiəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Asəf Cəfərovdan isə 49 qramdan çox tiryək və 480 qram marixuana götürülüb.

Yanvarın 7-də isə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 fakt üzrə çəkisi 15 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.

Daxil olmuş məlumat əsasında Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Abşeron rayon sakini Samir Qəmbərovdan çəkisi 13,5 kiloqrama yaxın marixuana, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Həbib Məmmədzadənin üzərindən və evindən 1,3 kiloqramdan çox heroin, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müqtədir qəsəbə sakini Sergey Yudinin evindən 1,5 qram heroin, 10,7 qram tiryək və 450 qram marixuana aşkar edilərək götürülüb.

Yanvarın 8-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 fakt üzrə çəkisi 23 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Dövlət Yol Polisi idarələri əməkdaşlarının Qaradağ rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri İlkin Əliyevdən və Rüstəm Kərimlidən çəkisi 8 kiloqram 260 qram tiryək və 6 kiloqram heroin, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Müzəffər Həsənov narkotik vasitə olan heroini satarkən cinayət başında yaxalanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 3 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəhriyar kəndində yaşayan Zəfər Səfərovun evindən 5 kiloqram marixuana, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları Xudat şəhər sakini Zaur Əliyevdən 437 qram marixuana götürüblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Narkotik   DİN  





Xəbər lenti